Ceyhun Əliyev
"Qarabağ"ın "Sent-Etyen"lə oyununa Rusiya kanallarından biri ilə baxdım. Aparıcının şərhlərində bəzi məqamlar xüsusi olaraq diqqətimi çəkdi.
Oyunun əvvəlində ağdamlıların Fransa təmsilçisinin futbolçuları üçün Azərbaycan adlı bölgəni də görmək fürsəti yaratdığını qabardan aparıcı, dolayısı ilə "yaşıllar"ın asanlıqla qələbə qazanacağına işarə vurdu.
Daha sonra şərhçi təmsilçimizi "bağbanlar" da adlandırdı. Bunu "QARABAĞ" sözünün açması ilə əlaqələndirdi: "QARA" + "BAĞ". Özü də anlamadan milyonlarla (bu dəfə söhbət yerli telekanallarının şit aparıcılarının uydurma ilə dediyi milyonlarla izləyicidən getmir ha!) tamaşaçıya bu torpaqların tarixən kimə məxsus olduğunu bildirdi. Bəli, o, var gücü ilə Azərbaycan klubunun Avropa Liqasının qrupuna təsadüfən düşdüyünü çatdırmağa çalışırdı. Lakin sətirarası "quşladı", özü də aşkar şəkildə Azərbaycan imicinin xeyrinə.
Daha sonra komandamızın kapitanına da sataşmağa çalışdı: "Rəşad Sadıqov unikal futbolçudu. Yox, onun futbolçu karyerasını vərəqlədikdə, ciddi bir uğur tapa bilməzsiniz. Ancaq o, Azərbaycanda futbol çempionatı dayandırıldığı zamanlarda (burada ritorik fasilə götürür) basketbol çempionatında iştirak edib və qızıl medala layiq görülüb. Belə deyək, Azərbaycanın Vsevolod Bobrovunun (Bobrov SSRİ-nin həm xokkey, həm də futbol yığmalarının üzvü olub) müasir formasıdı". Əlbəttə, şərhçinin Rəşad Sadıqovun anketinə nəzər salması müsbət haldı. Lakin yenə də görünür ki, ona "şparqalka" verilib. Çünki müdafiəçimiz "transfer pəncərəsi" bağlandıqdan 1 gün sonra Türkiyədəki legioner karyerasına son qoyaraq, Vətənə döndükdə AFFA-nın ovaxtkı rəhbərliyi milli futbolçuya güzəştə getməmişdi. O da, fiziki formasını itirməsin deyə bu addımı atmışdı.
Həə, əziz oxucu, vaxt gedir, ancaq "Sent-Etyen" ortaya bir "zad" qoya bilmirdi. Şərhçi buna da "əlac" tapdı: "Fransızlar əsas heyət üzvlərinə dincəlmək imkanı veriblər". Ay başına dönüm, Məşəd İbad demiş "heç hənanın yeridi?". Məgər Azərbaycan diz çöküb yalvarmalı idi ki, siz Allah ən güclü heyətlə çıxın meydana? Üstəlik rəqib komandanın vitse-prezidenti, baş məşqçisi və futbolçuları oyundan öncə olduqca iddialı açıqlamalar verirdilər və çempionatdan da vacib Avropa Liqasını hesab etdiklərini bildirirdilər.
Qərəz, təxminən 75-ci dəqiqədə şərhçidən daha bir "bomba" gəldi: "Azərbaycan klubunun futbolçularının dilləri ağızlarından çıxır. Bax, indi onların yorğunluqlarından qonaqlar məharətlə istifadə edəcəklər". Bədbəxtin balası elə bu sözü demişdi ki, Reynaldo sol cinahda fərdi ustalığı sayəsində bir həngamə çıxardı ki, gəl görəsən! Ardıcıl 3 rəqibini sürətlə (əcəba, yorulmuş futbolçuda sürət nə gəzirdi?) arxada qoyan braziliyalı forvard "Sent-Etyen"in qapıçısı Rufye ilə təkbətək çıxdı. Bəli, qol vurulmadı, ancaq rus şərhçinin səsi birdəfəlik kəsildi.
Matçın sonlarında əlacsız qalan "qəhrəman"ımız "Qarabağ"ın daha məzmunlu futbol sərgilədiyini söylədi. Ancaq yenə də öz ənənəsinə sadiq qalaraq: "Meydan sahibləri daha istəkli idilər. Bunu etiraf etmək lazımdı. Hətta bəzi epuzodlarda bu istək bacarıqla da müşayiət olunurdu. Lakin qol vurmaq üçün bu komponentlər kifayət deyil".
Deyirəm görəsən rus şərhçi "Qarabağ" - "Sent-Etyen" oyunundan 1 gün əvvəl keçirilən "Roma" - MOİK görüşü barədə hansı fikirdədi? Hər halda rusların aktivində 1 qol var idi. Deməli, onlar daha bacarıqlıdırlar. Nə olsun ki, qapılarında 5 qol gördülər!?