Bernhard Lippert: "Ona görə gedirəm ki..."

Bernhard Lippert: "Ona görə gedirəm ki..."
"6 ildi Azərbaycanın gənclərdən ibarət yığmasını çalışdırıram və bu müddətdə cəmi 4 qələbə qazanmışıq. Amma mənim qarşıma qələbə qazanmaq, nəticə göstərmək tapşırığı yox, əsas milliyə oyunçu yetişdirmək tapşırığı qoyulmuşdu". Fanat.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Bernhard Lippert deyib.
Bu gün mətbuat konfransı keçirən alman məşqçi sabah İsraillə baş tutacaq oyunla bağlı da danışıb: "Komanda bir qədər gec toplandı. Bəzi futbolçular düşərgəyə ötən axşam qoşulublar. Taktiki cəhətdən hazırlaşmağa vaxtımız olmayıb. Amma uşaqlara inanırıq. Futbolçularımızdan vida hədiyyə gözləyirəm".
U-21-dən istefa vermək qərarına gələn Lippert bunun səbəblərindən danışıb: "Artıq bununla bağlı AFFA rəhbərliyinə təklifimi bildirmişəm. Ola bilsin, ya qarşıdakı iki oyundan sonra, ya da ilin sonundan artıq bu vəzifəni icra etməyim. Mənə etimad göstərdiklərinə görə AFFA-nın prezidenti Rövnəq Abdullayevə və baş katib Elxan Məmmədova təşəkkür edirəm. Komandadan ayrılmaq istəməyimin iki səbəbi var. Artıq 7 ildi buradayam və gənclərin əksəriyyətini tanıyıram. U-17-də işə başlayandan sonra onlarla birgə U-21-ə qədər yüksəldik. Eyni zamanda həmin vaxtdan məşqçilərin maarifləndirilməsi işinə start verdik. Artıq onlar üçün də yol açmaq lazımdı. İkinci səbəb idman direktoru kimi işimin tədricən çətinləşməsi ilə bağlıdır. Məşğul olacağım layihələrin sayı çoxalır. Hər şeydən əvvəl U-17-lər arasında Avropa çempionatının final mərhələsinin Azərbaycanda keçiriləcəyini qeyd etməliyik. UEFA-nın pro lisenziyalı kursları da Bakıda keçirilir. Bu kənardan göründüyü qədər asan deyil. UEFA ilə bir çox məsələləri həll etmək lazımdı. Bunun üçün vaxt ayrılmalıdı. Klublara idman direktorları ayrılıb. Onların işinə ümimi nəzarət də mənə həvalə edilib. Bütün bu işləri bir yerdə icra etmək mümkün deyil".
Alman məşqçi A millinin nəticələrindən də danışıb: "Bu komandada əsas işim yaxşı nəticələr qazanmaq yox, A milli üçün futbolçular yetişdirmək olub. Təbii ki, əsas millinin nəticələri baş məşqçi Berti Foqtsun işi ilə bağlıdı. Milli əvvəl reytinq cədvəlində 130-cu yerdə idi, indi isə 73-75-ci yerə yüksəlib. Bunda əsas pay sahibi Berti Foqtsdr. Ancaq komandanın cavanlaşdırılması da mütləq qeyd edilməlidir. U-17-dən rəhbərliyim altında çıxış edən futbolçulardan 16-sı bu gün Moskvada millinin düşərgəsindədi. Bununla qürur duymaq olar. İşə başlayanda heç də əmin deyildim ki, bu qədər futbolçu əsas milliyə dəvət ediləcək. Avropada nadir hallarda belə vəziyyətin şahidi oluruq. Əlbəttə, burda şərtlər də mühim rol oynayır. Məsələn, Premyer Liqada 21 yaşadək futbolçuların oynamasına imkan verən qaydaları qeyd edə bilərəm. Əvvəllər az hallarda gənc futbolçuları əsas komandada meydana buraxırdılar. Bunun üçün də sistem dəyişdirildi. Qaydaların tətbiqinə görə AFFA-ya təşəkkür düşür". 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər