Bu gün qol.az saytının baş redaktoru Aydın Bağırovun 34 yaşı tamam olur. Öz iti qələmi ilə seçilən həmkarımız Fanat.az-a bu əlamətdar gündə müsahibə verib.
- Doğum günündə ən yaddaqalan hədiyyəniz nə olub?
- Ümumiyyətlə, bu ad günlərini təmtaraqla keçirtməyə elə meyilli insan deyiləm. Amma mənim üçün hədiyyənin ən gözəli olan Allahın insanlara bəxş etdiyi sözdür. Ailə üzvülərimin, dostlarımın, yaxınlarımın doğum günümü yadda saxlayıb, təbrik etmələri mənim üçün hədiyyələrin ən qiymətlisidir. Çox sevinirəm ki, bu yaşıma kimi onlardan bu diqqəti görmüşəm. Səhər indi açılıb, artıq yüzə yaxın təbrik almışam. Sözün həqiqi mənasında bunun özü çox böyük hədiyyədir.
- Ağdamda yaşadığınız zamanlar doğum günlərinizi necə keçirirdiniz?
- İndiyə qədər olan doğum günlərimi ailəmlə, evdəkilərlə birlikdə keçirmişəm. Ağdamda olan doğum günlərim dumanlı formada yadımda qalıb. Müharibəyə qədər olan ad günlərimi ailəmlə birlikdə keçirərdik. Amma mənim üçün ən kədərlisi, 1992-ci ildə ad günümə bir gün qalmış Ağdamın və Azərbaycanın ən gözəl yerlərindən biri olan Abdalgülabı kəndinin işğal olunması oldu. Bununla da Ağdam rayonunun işğalının əsası qoyuldu. Həmin o anlardan sonra həyatımda çox ağır bir mərhələ başladı. Mən o doğum günündən sonra demək olar uşaqlığımı Ağdamda dəfn edib Bakıya gəlmişəm.
- Bəs bu gün necə, qonaqlıq verməyi planlaşdırmırsınız?
- Yenə deyirəm, ad günlərini belə xüsusi qeyd etməyə heç vaxt həvəsli olmamışam. Amma məhdud sayda dostlarla yəqin ki, bu dəfəki doğum günümü də qeyd edəcəyik.
- İşinizlə bağlı xeyli səfərləriniz olub. Hansı yaddaqalan hadisəni oxucularımızla bölüşə bilərsiniz?
- Başıma çoxlu maraqlı əhvalatlar gəlib. Amma məncə bunlar mediaya çıxarılacaq hadisələr deyil.
Elkin Xəlilov
Fanat.az