Premyer Liqanın XXXII turu çərçivəsində keçirilən “İnter” - “Xəzər Lənkəran” matçı "bankirlər" üçün bir sıra statistik göstəricilərlə yadda qalıb.
Ard-arda 6 qələbə
Bu görüşdə “İnter” ard-arda 6-cı qələbəsini qazanıb. Qələbə seriyası 27-ci turda “Qəbələ” üzərində 1:4 hesablı qələbəylə başlamışdı. Sonra “İnter” doğma divarlar arasında “Rəvan”ı (3:0), səfərdə “Simurq”u (0:1) məğlub etmiş, “Şəfa”da “Neftçi”n i(1:2) məğlubiyyətə uğratmış, “Bakı” ilə səfər oyunundan 0:4 hesablı qələbəylə dönmüş və son olaraq da “Xəzər Lənkəran”ı 3:0 hesabıyla yenmişdi. Bütün bu 6 oyunda “İnter” rəqib qapılarından 19 top keçirib, qapısındasa cəmi 2 qol görüb. Cari mövsümdə 7 ard-arda ən uzun qələbə seriyası “Qarabağ”a məxsusdu. Bu nəticəni təkrarlamaq üçün “İnter”ə cəmi 1 oyunda qalib gəlmək lazımdı.
Arif 16-cı oldu
“Xəzər Lənkəran”la matçın 4-cü dəqiqəsində fərqlənən Arif Daşdəmirov cari Premyer Liqada qol vurmaq müyəssər olmuş sayca 16-cı futbolçu oldu. Cari mövsümdə “İnter”in heyətində Vaqif Cavadov, Baçana Tsxadadze, Matiya Şpiçiç, Mikel Alvaro, Aleksandr İaşvili, Yohan Bokonyano, Laşa Salukvadze, Ruslan Əmircanov, Abdulla Abatsiyev, Derlis Meza Kolli, Slavko Georgievski, Dyeqo Madriqal, Asif Məmmədov, İlqar Ələkbərov və Bryus Abdulaye fərqlənib.
13 matç sıfır
“Xəzər Lənkəran”la oyunda qol buraxmamaqla “İnter” oyunda qol buraxmadığı matçların sayını 13-ə çatdırıb. 13 oyunda “İnter” 11 qələbə qazandı və yalnız 2 görüş qolsuz bərabərliklə başa çatıb. Yeri gəlmişkən, “Xəzər Lənkəran”la keçirilən 4 matçda "İnter" qapısında cəmi 1 qol görüb və qalan 3 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.
5-ci böyükhesablı qələbə
“Xəzər Lənkəran”la matçda “İnter” cari çempionatda sayca 5-ci böyükhesablı qələbəsini qazanıb. Belə ki, komanda iki dəfə “Rəvan”ı məğlub etmişdi: səfərdə 1:5, doğma stadionda isə 3:0. Bundan başqa, "İnter" səfərdə “Qəbələ”ni 4:1, “Bakı” komandasınısa 0:4 hesabıyla yenmişdi.
inter.az