Anderson Oliveyranın "Simurq"u tərk etməsi gözlənilir. Fanat.az xəbər verir ki, müqaviləsi bitmək üzrə olan braziliyalı müdafiəçi dilinin bəlasına düşə bilər.
Belə ki, Anderson bir müddət əvvəl daha iddialı klubdan təklif aldığını demiş, hətta "Neftçi"nin hədəfində olduğuna işarə vurmuşdu. Əslində isə "Neftçi" 33 yaşlı orta səviyyəli müdafiəçinin xidmətində maraqlı deyil. Sadəcə, Anderson bu yolla özünü reklam etməyə və qiymətini artırmağa çalışırdı.
Onun bu kimi çıxışları "Simurq"un prezidenti Anar Bəkirovu narazı salıb. Prezident "Simurq"da oynadığı 2 mövsümdə vaxtlı-vaxtında maaşını və mükafatlarını alan futbolçunun bu hərəkətini bağışlamaq niyyətində deyil. Anderson Zaqatala klubunda yalnız Georgi Çixradze israr edəcəyi halda qala bilər.
Qeyd edək ki, 33 yaşlı müdafiəçi 2 mövsümdə "Simurq"un formasını 61 oyunda geyinib və 1 qola imza atıb.
Fanat.az