Avropa Liqasının pley-off mərhələsinin cavab görüşü çərçivəsində keçiriləcək "Neftçi" ilə Serbiyanın "Partizan" komandaları arasında matça 2 gün qalıb. Fanat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmaya ot örtüyü qənaətbəxş vəziyyətdə olmayacaq.
Bu bərədə saytımıza məlumat verən stadionun direktoru Akif İsmayılov bərpa işlərinin davam etdiyini bildirib. O, ot örtüyünə cavabdeh şəxslərin dəyişdirilərək, İngiltərədən olan mütəxəssislərlə işbirliyinə start vermələrini müsbət hal kimi dəyərləndirsə də, avqustun 28-də keçiriləcək matça qədər qazonun normal hala gəlməyəcəyini bildirib: "Vəziyyət ürəkaçan deyil. Əvvəlki cavabdeh şəxs işinə məsuliyyətsiz yanaşıb. "Qarabağ" - "Tvente" matçındakı vəziyyəti özünüz də gördünüz. Təəssüf ki, 2 gün sonra keçiriləcək qarşılaşmaya da ot örtüyü yaxşı vəziyyətdə olmayacaq. Əlimizdən gələnin ən yaxşısını edirik. Heç olmasa cərimə meydançalarını yaxşı hala salmaq istəyirik. "Neftçi" hələ Serbiyada olanda onlarla əlaqə saxlayıb bildirdim ki, vəziyyət ürəkaçan deyil. Daha sonra klubun vitse-prezidenti Tahir Süleymanov və mətbuat katibi Gündüz Abbaszadə bura gəldilər, qazonun durumu ilə əyani şəkildə tanış oldular. İndi vəziyyətimiz budu. Müqayisə etsək, "Qarabağ" - "Tvente" görüşündə gördüyünüz vəziyyətdən təqribən 20 faiz daha yaxşı örtük ala biləcəyik. Avqust ayı həmişə başıbəlalı olub. 2012-ci ildə UEFA-nın tələbi ilə bütün stadionlarda ot ortükləri qum üzərində quruldu. Bu, İngiltərə praktikasından götürülüb. Orada havanın rütubətli olması buna imkan verir. Bəli, belədə, ot olduqca yumuşaq olur və futbolçulara rahatlıq yaranır. Ancaq Azərbaycandakı iqlim fərqlidi. Hazırkı mütəxəssislər qrupu vəziyyətin düzəlməsi üçün hər bir iş görür. Təqribən 10 günə ot örtüyünün vəziyyəti əla olacaq. "Partizan"a qarşı görüşə də çalışacağıq ki, "Neftçi" üçün əlimizdən gələni edək".
Fanat.az