33-cü "Böyük oyun"

33-cü "Böyük oyun"
Premyer Liqanın son dövrəsinin start turu “Böyük oyun”la əlamətdar olacaq. Fanat.az xəbər verir ki, paytaxtda üz-üzə gələcək “Neftçi” ilə “Xəzər Lənkəran” 10 illik rəqabətin tarixində 33-cü dəfə qarşılaşacaq. 3 dəfə Azərbaycan Kuboku, 1 dəfə Superkubokda görüşən rəqiblər 28 dəfə çempionatda münasibətlərini aydınlaşdırıb.
 
İndiyədək baş tutan qarşılaşmalar kimin güclü olduğunu müəyyənləşdirməyib. Belə ki, həm “Xəzər Lənkəran”, həm də “Neftçi” 9 dəfə qalib gəlib. Lənkəran klubunun qələbələrindən ikisi xüsusi əhəmiyyət kəsb edib. Bunlardan biri ilə Superkuboku başı üzərinə qaldıran “ağ-yaşıllar” ölkə kubokunda da rəqibini mübarizədən kənarlaşdırmağı bacarıb. "Neftçi" üçün də iki oyun daha əhəmiyyətli olub. Belə ki, "ağ-qaralar" "Xəzər Lənkəran"ı "Qızıl oyun"da yenərək ölkə çempionu olmaqla yanaşı, ötən mövsüm kubokun finalında da qalib tərəf olublar.
 
14 halda “Böyük oyun”un qalibi müəyyənləşməyib. Lakin heç-heçənin qeydə alındığı bu görüşlərdən birinin taleyi penaltilər seriyasında həll olunub. Azərbaycan kubokunun finalında “Neftçi” qalib gəlib.
 
Səfərdəki 15-ci “Böyük oyun”a qədər “Xəzər Lənkəran” rəqib meydanında 2 dəfə qalib gəlib və 6 dəfə bərabərliklə kifayətlənib. Bu 14 oyunda meydan sahibləri 23, qonaqlar 13 qol vurmağı bacarıb. “Böyük oyun”larda sonuncu dəfə səfərdə qalib gələn komanda “Xəzər Lənkəran”dı. Lənkəranlılar 2011-ci il martın 3-də kubokun 1/4 finalında meydan sahiblərini 4:3 hesabı ilə məğlub edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər