FIFA milli komandaların növbəti reytinq siyahısını açıqlayıb. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının mövqeyi dəyişməz qalıb.
Ötən ay 73-cü yerdə qərarlaşan komandamız mövqeyini qorumaqla tarixinin ən yaxşı nəticəsini təkrarlayıb. Millimiz bu dəfə hesabını 3 xal artırsa da, irəliləməyə müvəffəq olmayıb. Berti Foqtsun yetirmələri Avropada 37-cidi.
Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən yalnız Xorvatiyanın mövqeyi dəyişib. Balkanlılar 1 pillə irəliləməyi bacarıb - 16-cı yer, 964 xal. İtaliya 14-cü (1069), Norveç 53-cü (512), Bolqarıstan 72-ci (429) və Malta 150-ci (143) pillədəki mövqeyini qoruyub.
Yoxlama oyunlarındakı rəqiblərimizdən Rusiya 899 xalla 23-cü, Özbəkistan 528 xalla 51-cidi. Avqustun 20-də qarşılaşacağımız sonuncular 1 pillə irəliləyibsə sentyabrın 3-dəki rəqibimizin mövqeyi dəyişməz qalıb. Qonşu Türkiyə yığması isə 711 xalla 32-cidi.
İlk “onluq”da ümumiyyətlə dəyişiklik olmayıb. Yeganə fərq ötən ay 8-ci olan İspaniyanın xal hesabında Braziliyaya çatmasıdı: Almaniya (1736), Argentina (1604), Hollandiya (1507), Kolumbiya (1495), Belçika (1407), Uruqvay (1316), Braziliya (1241), İspaniya (1241), İsveçrə (1218), Fransa (1212).
Keçmiş Sovet İttifaqı ölkələrindən reytinq cədvəlində ən yüksək pilləni Ukrayna tutur: 22-ci yer, 901 xal. Rusiya 23-cü (899 xal) pillədə qərarlaşıb. Ermənistan 36-cı (648 xal), Özbəkistan 51-ci (528 xal) sırada yer alıb və millimizi qabaqlayırlar. Belarus (88-ci yer, 363 xal), Estoniya (93; 344), Gürcüstan (95; 341), Moldova (99; 325), Latviya (100; 324), Litva (101; 306), Tacikistan (126; 227), Qazaxıstan (131; 213), Türkmənistan (137; 197) və Qırğızıstan (144; 176) isə millimizdən alt sıralarda qərarlaşıb.
Fanat.az