Teymur Rəcəbovun həyat yoldaşı: "Onunla yaşamaq..."

Teymur Rəcəbovun həyat yoldaşı: "Onunla yaşamaq..."
Fanat.az məşhur qrossmeystr Teymur Rəcəbovun həyat yoldaşı, eyni zamanda AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun qızı Elnarə Nəsirlinin müsahibəsini sizə təqdim edir:
 
- Elnarə, Teymurla tanış olana qədər olan həyatın necə keçirdi?
- 8 il Londonda yaşamışam. Bu dövrdə mənim həyatım çılğın ritm qazanmışdı. Bir neçə istiqamətdə təhsil alırdım, xarici dillərə maraq göstərirdim və aktiv idmanla məşğul idim. Hətta London marafonlarına da hazırlaşırdım. Həmin dövrdə bütövlükdə həyatımın mənasını karyera qurmaqda görürdüm. Teymurla tanışlığım həyatımı tamamilə dəyişdi.
 
- Necə tanış oldunuz?
- Teymurla 7 il bundan qabaq bir futbol matçında tanış olduq. Mən futbol azarkeşiyəm və ona görə də atamla stadionlara getməyim elə də təsadüfi sayılmamalıdı. Həmin matçda bizi sadəcə olaraq bir-birimizlə tanış etdilər. Ondan sonra görüşmədik və mən Londona qayıtdım. Bu hadisənin üzərindən xeyli vaxt keçdi. Ancaq Teymur məni axtarıb tapdı və sosial şəbəkələrin birindən mənə yazmağa başladı. Bu da məni çox sevindirdi.
 
- Münasibətiniz daha sonra necə inkişaf etdi?
- Açığını deyim ki, Teymurla tanışlığa qədər mən evlilik, ailə həyatı barədə heç fikirləşmirdim də. Bütün bunlar mənə uzaq görünürdü. Onunla ilk yazışmağımız, evlənməyimiz və qızımızın dünyaya gəlməsi hamısı özlüyündən baş verdi.
 
- Qrossmeystrin həyatı səfərlərdə, turnirlərdə keçir elə deyilmi?
- Bəli, mən də maksimum dərəcədə hər zaman, hər bir yarışda Teymurun yanında olmağa çalışıram. Bu tək onun və ya mənim istəyimdən irəli gəlmir. Bu bizim ikimizə də aid olan bir şeydir. Məşqlər, turnirlər, səfərlər, bu bizim həyatımızdır. Və mən də həmişə böyük həyəcanla yarışların başlamasını gözləyirəm.
 
- Bəs iş həyatınız necə gedir?
- Teymurla mən yaradıcı insanlarıq və evdə işləməyi xoşlayırıq. Mənə hardasa qəribə gəlir, Teymuru əksər kişilər kimi səhərdən-axşama kimi işdə təsəvvür etmək. Biz vaxtımızın çox hissəsini evdə keçirməyə üstünlük veririk. Bu, bir çoxlarına qəribə görünə bilər. Ancaq bu mənada fikirlərimiz üst-üstə düşür.
 
- Bəs boş vaxtlarınızı necə keçirirsiniz?
- Biz səyahət etməyi xoşlayırıq. Gərgin iş rejimindən sonra təkcə fiziki deyil, həm də emosional şəkildə də yenilənmək lazımdır. Enerji ilə dolu olan böyük şəhərlərə getməyə üstünlük veririk. Beləcə enerji toplayırıq. Sərgilərdə oluruq, parklarda gəzirik. Çox tez bir zamanda harasa gedəcəyimiz barədə qərar verə bilərik. Məsələn, bir dəfə Moskvaya getmək qərarı verdik. Yanımıza heç bir yol çantası filan almadıq. Sadəcə olaraq noutbuklarımızı götürdük. Bu çox gözəl səyahət idi.
 
- Bəs Teymur evdə necə olur?
- O, çox təmkinli bir insandı. Heç vaxt evə neqativ enerji vermir. Əslində şahmat və ev həyatı tamam fərqlidi. İdmanda o, çox sərtdi. Ancaq evdə belə deyil. Teymur çox güclü şəxsiyyətdi və evi ilə şahmat həyatı arasındakı balansı qoruya bilir. Çox diqqətcildi, xeyirxahdı və qayğıkeş atadı. Onunla yaşamaq mənə çox rahatdı. Buna görə də biz bir yerdəyik.
 
lady.day.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər