Sağ olsun, “Neftçi”. Azərbaycan futbolunun ilkləri bu komandanın alın yazısıdı. Avroliqanın qrup mərhələsinə çıxdılar, adlarını tarixə yazdılar. Əhsən dedik, alqışladıq. Sonra da xəbər çıxdı ki, Avropanın ən məhşur klublarından “Neftçi”nin yerli və əcnəbi futbolçularına təkliflər yağır. Sən demə “xalq komandası”nda oturanların kompası düz işləmirmiş. “Avropa-Avropa” dedilər, amma futbolçuları Asiyaya trasnfer olundu. Julius Vobaya ərəblərin elçi düşməsindən danışıram. Davamı gəlmədi. Cavid İmamverdiyevin bir neçə günlük Kiyevə səfər elədi, sonra da əli-ətəyindən uzun Bakıya qayıtdı.
Deyirdilər ki, “hazır maşındı, benzin töküb sürəcəyik”. Nə sirri-xudadısa bu “hazır maşın” finişə nəinki birinci, heç üçüncü də çata bilmədi. Birdən-birə düz üç rəqibi finiş xəttini Böyükağa Hacıyevin “maşınından” əvvəl keçdi. Kubokun finalında Syominin “Qəbələ”si də “Neftçi”nin kələyini kəsmişdi. Yaxşı ki, Samir Məsimov var imiş. Bu balacaboy oğlan yaşı 80-i haqlayan “xalq komandası”nın ağır yükünü çiynində daşımağı bacardı, özü də dağdan ağır pullar alar legionerlərin meydanda gəzişməsinin fonunda.
Gözləyirdik ki, yay gələcək, yonca bitəcək....bağışlayın, mövzunu qarışdırdım...yayın gəlişiylə “Neftçi”dəki problemlərin bitəcəyinə ümid edirdik. Yeni mövsümə “ağ-qaralar”ın yeni qanla başlayacağını düşünürdük. Arzularımız suya düşdü. Klubun sözçücü Gündüz Abbaszadə rəsmən bəyan elədi ki, “Neftçi” bu yay olsa-ola iki futbolçu transfer edəcək. Nəymiş ki, klubun heyətində arazlar, elvinlər, cavidlər var imiş. Sanki, qocaman klubu iddiasız və yarımcan hala gətirmək qəhrəmanlıqdı. Bəs, legionersiz komanda necə böyük hədəflər üçün çarpışacaq? Bu sualı eşidən kimi klub rəsmiləri “bizim Denis Silvamız var” deyəcəklər. Həmin Denis Silvadı ki, qış fasiləsindən sonra meydanda görünəndə əllərini göyə açıb, tanrıya şükür edirdi.
Mən klub rəhbərliyinin işinə qarışmazdım. İş ondadı ki, biz dəfələrlə problemləri qabartsaq da, yazdıqlarımız qulaqardına vurulur. Amma üstündən bir müddət keçəndən sonra toxunduğumuz problemi onlar da qəbul edib, hərəkətə keçirlər. Vaxtında görülməyən tədbirlər isə daldan atılan daş kimi topuğa dəyir. Mahir Şükürov intizamsızdı, “xalq komandası”nın formasına yaraşmır deyirdik, onlarsa Mahiri əzizləyirdilər. Dünən eşitdik ki, Şükürov “Neftçi”dən ayrılır. Zaman keçdikcə davamı gələcək. Amma iş-işdən keçəndən sonra nə faydası? Yanvarda “Neftçi”dən istefa verən Nazim Süleymanov qapıçılarla işləyən serb məşqçi Neboyşa Manoyloviçin evindən ötrü darıxdığını, Bakıda özünü həbsxanadakı kimi hiss etdiyini demişdi. Klub başbilənləri birağızdan bunu inkar etdilər. Mövsüm bitən kimi Manoyloviçi evinə yola saldılar. Ən gülməlisi isə ötən mövsüm gününü ehtiyyat oyunçular üçün nəzərdə tutulan oturacaqlarda keçirən Pavel Doroşevin onun yerinə təyinat almasıdı. Belə çıxır ki, il boyu Stamenkoviçin “kölgəsində” qalan Doroşev yeni mövsümdə Saşaya məşqçilik edəcək. Dünya dağılmasın, neynəsin? Görəsən, bu xəbəri eşidən Stamenkoviç özünü asmaq üçün ip axtarmır ki?
Amal Abuşov