Türkiyənin "Ankaraspor" klubunun "Neftçi"nin futbolçusu Cavim İmamverdiyevə rəsmi təklif göndərməsi barədə məlumat vermişdik. Fanat.az xəbər verir ki, xəbəri komandanın baş məşqçisi Osman Özköylü təsdiqləyib.
Özköylü 24 yaşlı yarımmüdafiəçini iki ildi izlədiyini deyib. O, artıq "Neftçi” ilə əlaqə saxladıqlarını da açıqlayıb: "Onlara futbolçunu icarəyə götürmək istədiyimizi dedik. İndi klubdan cavab gözləyirik. Mən özüm şəxsən Cavidlə maraqlanırdım. Klubuna təklif göndərdik ki, biz futbolçunuzu istəyirik, bizə bir qiymət deyin".
Baş məşqçi İmamverdiyevi oyununun disklərinə əsasən bəyəndiklərini də diqqətə çatdırıb: "Onu 2 il əvvəl təklif etmişdilər. Mən də oyun disklərini izlədim. Razılıq əldə olunsa, onu növbəti mövsümün sonunadək icarəyə götürmək istəyirik. "Neftçi”yə bu barədə dünən xəbər göndərmişik. Onlardan cavab gözləyirik”.
Özköylü "Neftçi"dən Elvin Yunuszadənin də onlara təklif olunduğunu bildirib. Lakin baş məşqçi onu yaxşı tanımadığı üçün xidmətindən imtina edib: "Bir menecer bizə Azərbaycandan bəzi futbolçuları təklif etmişdi. O siyahıda Yunuszadənin də adı var idi. Biz isə istəmədik. Mən demirəm ki, bəyənmədik. Sadəcə, Yunuszadəni elə də yaxşı tanımıram. Adını eşitmişdim, amma oyununu izləməmişəm. Mən hazırda tanıdığım futbolçularla maraqlanıram”.
Çalışdırıcı Ruslan Abışovla da maraqlandıqlarını bildirib. Lakin millimizin üzvü onlardan böyük məbləğdə pul istəyib. "Ruslanla maraqlanmışdıq. Amma, o "Rubin"ə getdi. Biz indi Türkiyənin I liqasında çıxış edirik, Super Liqada yox. Abışovun istədiyi məbləğ bizim üçün çox yüksəkdi. Ona görə də Ruslanın transferi ilə bağlı düşünmək şansımız yoxdu. Əgər Super Liqaya çıxsaydıq, mütləq transfer etmək istərdim".
Özköylü 27 yaşlı futbolçunu yenə də transfer etmək istədiklərini bildirib: "İndi də "Rubin”dən ayrılmaq istəyirmiş, amma bizdən istədiyi məbləğ çox yüksəkdi. Açığı, məndə Ruslanın nömrəsi olsaydı, onunla danışmağı və transfer etməyi çox istərdim. İndi məbləğlə bağlı məlumat vermək istəmirəm, düzgün çıxmaz".
Baş məşqçi Abışovun istədiyi məbləğin həcminə də aydınlıq gətirib: "Bizə onun "Rubin”də aldığı məbləğlə bağlı məlumat verdilər. Yüksəkdi. Bu şəraitdə ona əmək haqqı verə bilmərik. Çünki I liqada mübarizə aparan komandayıq. Təbii ki, 500 min avrodan çoxdu. Bizim illik büdcəmiz 2 milyon avro civarındadı. Hardasa büdcəmizin 25-30 faizini ona verməliyik. Bu məbləği Ruslana versək, heç komanda qura bilmərik”.
sportnet.az