“Qarabağ”ın heyətində sərgilədiyi futbolla ümidləri doğruldan Reynaldonun milliləşdirilməsi məsələsi ara-sıra gündəmə gəlir. Braziliyalının yerlilərdən üstün legioner imici daşıması, yaşının azlığı, eyni zamanda intizamsız oyunçu kimi ad çıxarmaması isə faktdı. Əlbəttə, bu mövzu ortaya atılan zaman müxtəlif fikirlər səsləndirilməsini də təbii hal saymalıyıq. Fanat.az isə yerli futbolçulara fərqli sualla müraciət etdi. “Reynaldonu milliləşdirəndən sonra adını dəyişmək sizə həvalə edilsəydi, nə qoyardız” sualına müxtəlif cavablar verildi:
Rəşad Abdullayev (AZAL): “Məncə, millidə azərbaycanlılar oynasa yaxşıdı.Gərək elə ad tapım ki, “futbolnı” olsun. Hardasa Rasim uyğun gəlir. Budur rasim irəliləyir, zərbəsi və top dirəkdən dönür. Hə, yaraşır”.
Vüqar Nadirov (Qarabağ): “Nə bilim vallah, Zakir. Pis addı ki? Amma Ramil ondan da yaxşıdı. Ramil Silva”.
Səlahət Ağayev (İnter): "Fazil. Zədələnəndə də həkimlər rahat soruşsunlar: Fazil, haran ağrıyır? Nəsə beynimə bu ad gəldi".
Fərhad Vəliyev: “Yığmada yerlilərin oynamasını istəyərəm. Ancaq Reynaldonun səviyyəsi də göz önündədi. (10 dəqiqə fikirləşəndən sonra adı mesajla göndərdi) Ramazan”.
İlqar Qurbanov: “Düşünmədən Niyaməddin deyirəm”.
Fanat.az