"Sevinirəm ki, tarixi vətənimin uğurları üçün çalışıram"

"Sevinirəm ki, tarixi vətənimin uğurları üçün çalışıram"

Xəbər verdiyimiz kimi, Xorvatiyada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı birgünlük “Porec Trophy” yuruşu Azərbaycanın “Synergy Baku” komandası üçün möhtəşəm nailiyyətlə yadda qalıb. Belə ki, 149 km məsafəyə mübarizədə “Synergy Baku”nun velosipedçisi Maksim Averin yeni komandasının heyətində debüt yürüşündəcə 3 saat 32 dəqiqə 22 saniyə nəticə göstərərək finişi birinci keçib və yarışın qalibi adını qazanıb.

Maksim Averin bir zamanlar SSRİ-nin olimpiya yığmasının şərəfini qorumuş, 1978-ci il dünya veloyürüşünün qalibi, SSRI-nin əməkdar idman ustası, 1976-cı il Monreal olimpiadasının iştirakçısı, 6 dəfə SSRI çempionu və kubokun qalibi, həmvətənimiz Aleksandr Averinin oğludu. Hazırda Ukraynada yaşayan Aleksandr Averin 1954-cü il, aprelin 11-də Bakıda anadan olub və velosiped idmanının sirlərinə də məhz Bakıda yiyələnib. Onun oğlu, ötən il İsveçrənin “Atlas-Personal-Jakroo” Kontinental komandasının şərəfini qoruyan Maksim Averin isə bu ildən etibarən “Synergy Baku” komandasına qoşulub və iştirak etdiyi ilk yarışdaca ona göstərilən etimadı doğruldub. Yeri gəlmişkən, velosipedçi uğur qazandığı Xorvatiyaya məhz Bakıdan yollanıb.

AVİF mətbuat xidmətinə verdiyi müsahibədə “mən çox xoşbəxtəm” deyən Maksim Averin həyatında ilk dəfədi ki, ilin birinci yürüşündəcə qələbə qazandığını sözlərinə əlavə edib: "Öz tarixi vətənim olan Azərbaycanın “Synergy Baku” komandasının şərəfini qoruduğum üçün çox şadam. Mənə göstərilən etimada görə hamıya təşəkkür edirəm”.

Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev komanda üzvlərimizin 2014-cü ildəki yarışlarda uğurlu startını kollektiv daxili ab-havanın yüksək olması və düzgün qış hazırlığı ilə əlaqələndirib: “Hazırda “Synergy Baku”da olduqca mehriban kollektiv formalaşıb və hamı uğur qazanmaq üçün bir-birinə əlindən gələn köməkliyi edir. Yeni üzvlərin düzgün seçimi və federasiya rəhbərliyi tərəfindən komandaya yaradılan yüksək şərait “Synergy Baku”nu daha da gücləndirib. Langkavidə ən yaxşı dağ velosipedçisi kimi “qırmızı mayka” qazanmış Metyu Bremmier və Xorvatiyada fəxri kürsünün ən yüksək pilləsinə qalxmış Maksim Averin komandamızın yeni üzvləridi. Onların əldə etdiyi nailiyyətlər isə seçimin düzgün aparılmasını sübut edir".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər