"Rəqibin kimliyinin ciddi əhəmiyyəti yoxdu" - MÜSAHİBƏ

"Rəqibin kimliyinin ciddi əhəmiyyəti yoxdu" - MÜSAHİBƏ

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” dünəndən Avstriyadadı. Bu gün Çempionlar Liqasını II təsnifat mərhələsində üz-üzə gələcəyi rəqibinin adını öyrənəcək ağdamlıların braziliyalı legioneri Reynaldo səfər ərəfəsində Fanat.az-a müsahibə verib.

- Komandanı tərk edəcəyinlə bağlı deyilənlər nə dərəcədə doğrudu?

- Gördüyünüz kimi, “Qarabağ”dayam və burda özümü əla hiss edirəm. Gəzən söz-söhbət hadqa ümumiyyətlə, danışmaq istəmirəm. Həvəslə məşq edirəm.

- Düşərgəyə digər braziliyalılardan gec gəlməyinin səbəbi nə idi?

- Onlar məndən əvvəl Braziliyaya getmişdilər. Buna görə də bir neçə gün gec qayıtdım. Rəhbərliyə öncədən məlumat vermişdim. Hər hansı problem olmadı.

- Hansısa klubla danışıq aparırdın?

- Yox. Sadəcə, şəxsi işlərim var idi. Futbolçuyla başqalarının maraqlanması təbii haldı. Amma mən “Qarabağ”ın oyunçusuyam və bütün diqqətimi Çempionlar Liqasına yönəltmişəm.

- Azarkeşlər ölkə çempionundan ciddi uğur gözləyirlər. Bu sizə əlavə təzyiq yaratmır?

- Qətiyyən. Əksinə, məsuliyyətləndirir. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik. Çempionlar Liqasında oynamaq doğrudan da böyük məsuliyyətdi.

- “Qarabağ”ın potensial rəqiblərinin adları məlumdu. Hansı komandayla qarşılaşmağınızı istərdin?

- Bunun prinsipcə ciddi əhəmiyyəti yoxdu. Əsas yaxşı hazırlaşmaq, oyunlara yüksək səviyyədə köklənməkdi. Rəqibin kimliyini püşk müəyyənləşdirəcək.

- Danilo Diasın transferindən sonra Qurban Qurbanovun səni nominal hücumçu mövqeyində oynadacağını güman etmək çətin deyil. Forvard ampluasında çıxış etmək çətin olmayacaq?

- Qərarı baş məşqçi verir. Harda istəsə, orda da oynayacam. Premyer Liqada bir neçə dəfə hücumda oynamışam. Yəni bu mənim üçün o qədər də çətin olmayacaq.

- Sənin üçün vinger mövqeyində oynamaq rahatdı, yoxsa hücumda ?

- Cinahda qərarlaşanda özümü rahat hiss edirəm. Amma bu o demək deyil ki, hücumda narahatlıq keçirirəm. Harda oynamağımdan asılı olmayaraq komandaya fayda verməyə çalışacam.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər