“Düzü, ABŞ-a getməyi çoxdan arzulayırdım. Ancaq San-Fransisko o qədər də xoşuma gəlmədi. Hə, oyundan əvvəl bir neçə yerdə olduq. Məncə, ən yaddaqalanı “Alkatras” həbsxanası idi. Bildiyiniz kimi, ora bir vaxtlar dustaqlar üçün qorxulu yuxu sayılırdı”.
Bu sözləri Fanat.az-a açıqlamasında yığmayla ABŞ səfərində olan Rauf Əliyev deyib. Amerikalılara 0:2 hesabıyla uduzan millimizin forvardı təmsilçimizin potensialından aşağı oynadığını qabardıb: “Rəqib güclü idi. Ancaq biz də zəif təsir bağışladıq. Potensialımız daha artığına yetər. Mən belə düşünürəm. Hücumda çoxala bilmirdik. Xətlərarası əlaqə arzulanan səviyyədə deyildi. Meydanda müdafiəyəmeyilli oyunçularımızın sayı çox olduğundan kəsərli əks-hücumlar qurmağa da çətinlik çəkirdik.Yəni oynadığımız futbol ürəyimcə olmadı”.
Əliyev “Bakı”dakı durumuna da aydınlıq gətirib: "2015-ci ilin yanvarına qədər “Bakı”nın futbolçusuyam. Müqaviləm varsa, başqa təkliflərdən danışmağa dəyməz. Rəhbərliklə görüşməmişəm. Klubda olan əsas problem maaşların verilməməsidi. Deyiblər ki, verəcəklər”.
Fanat.az