Futbolçularının maaşlarını verməyən “Bakı” maliyyə probleminə əlac tapa bilmir. Fanat.az-ın əldə etdiyi məlumata görə, Rauf Əliyev, Əfran ismayılov və Cavid Hüseynov olduqca çətin duruma düşüb. Son 4 ayın əməkhaqqısını ala bilməyən oyunçuların əvvəlki aylar üçün hesabına köçürülən pullar da dondurulub.
Maaş kartlarında gündəlik xərcləri qarşılamaq üçün saxladıqları məbləğin sıfırlandığını görən azərbaycanlılar bir-biri ilə əlaqə saxlayıb və vəziyyətin nə yerdə olduğunu anlayıb.
Əlbəttə, sözügedən milli üzvləri durumun getdikcə pisləşdiyinin fərqindədi və hər üçü “zolaqlılar”la vidalaşmaq istəyindədi. Ancaq “Bakı”yla müqavilələri olan bu oyunçular söhbət etməyə adam tapa bilmir. Problem bununla yekunlaşmır. Klubun borclu olduğu məbləğdən imtina edib “şəhərlilər”lə üzülüşməyə razı olanlarla da qarşılıqlı razılıq əsasında sağollaşmaq istəyən yoxdu. “Bakı” xoşbəxtliyi başqa yerdə axtarmaq eşqinə düşənlərin hamısına görə yetərincə ciddi məbləğdə - 150-200 min dollar aralığında pul istəyəcək. Futbolçular Zeynal Məmmədovla üzbəüz danışmasalar da, artıq rəhbərliyin planından xəbərdardılar. Müflisləşən “Bakı” bu yolla qismən irəli düşməyi uyğun çıxış yolu sayır.
Fanat.az