"Fatma mamanı çox istəyən olsaydın..."xəyalların qanadında

"Fatma mamanı çox istəyən olsaydın..."xəyalların qanadında

Həmişə çayxanada görüşən qohumların dostluğundan xəbərdarsız. Dünən biri o birini yaman gözlətmişdi.

- Qaqa, bəs deyirdin səhər görüşək... Düz 8 saatdı burdayam, 6 çaynik çay içmişəm.

- Səhər, axşam, fərqi nədi? Uzağı çay içəcəyik də. De, birini də gətirsin.

- Fatma mamam nətərdi? Salamatçılıqdı, evdə eşikdə?

- Fatma mamanı çox istəyən olsaydın, 8 martda 10 qəpiklik konturundan keçərdin. Futbolda necədi vəziyyət?

- İcraiyyə Komitəsinin iclasından xəbərin var?

- Dayan, bəri başdan deyim, mənə başa düşmədiyim dildə heç nə demə! İcraiyyədən-zaddan danışma. Düz-əməlli, adam kimi de, bilim.

- Yaxşı, futbolun böyükləri bir yerə yığışıb hər şeyi pis vəziyyətə qoydular. Bu il elitadan heç bir komanda düşməyəcək.

- Guya nə vaxt düşürdü ki?

- Orası elədi, yəni bu mövsüm “Sumqayıt”la “Rəvan” da qalır, aşağıdan da ikisi qalxır.

- Paho... Aləm qarışdı ki... Hamı bir-birinə oyun satacaq!

- Legioner limitində də dəyişikliklər olacaq. Əvvəl 1 komandada 4 yerli futbolçu olmalıydısa...

- O söhbətləri başa düşən deyiləm e, qaqa. Limiti Mustafagilə deyərsən. Çempionatda “Qəbələ” neçəyə satmışdı oyunu?

- Səninki də ancaq satmaq olsun. Elə oyunları satmırlar. Yuri Syomin var a, rus məşqçi, bax onun o qədər pul xərclənən komandayla futbol oynaya bilənlərə uduzması düşündürücüdü.

- Bəs deyirdilər, AFFA-yla PFL “Qəbələ”ni Avropaya aparacaq...

- Mən ölüm, bir dəfə də “futbolnı” söhbət elə də...

- Maa elə gəlir ki, çempion “Qarabağ”dı.

- Ay sağ ol, bax belə. Saa düz gəlir, “Qarabağ”ın çempionluq şansı çoxdu. Sonuncu turda “Bakı”ya 4 top vurdular.

- Bəs deyirdin “Bakı” güclüdü? Görürsən, alıblar oyunu. Qolun birini neçəyə satırlar ki, qaqa?

- Sən öl, Çumbinyo “ştraf”dan bir qol vurdu “Bakı”ya, Milinko Pantiç texniki zonada həzz aldı eee. Rəsmən, “sürüdülər”!

- Mürsəl deyir “Neftçi” Amerikayla oynayacaq. Məzələnir mənlə?

- “Neftçi” yox, yığmamız. Filippini udub ürəkləniblər. ABŞ-a əlcək atırlar.

- Harda oynayacaqlar?

- San-Fransiskoda.

- Ə, Seyid Lazım Ağanın cəddi haqqı “bekara” söhbətdi. Yəqin Foqtsun sevgilisi-zadı var orda, elə belə görməyə gedir. Uşaqları da “disneyland”ı göstərəcək. Biz hara, Amerika hara...

- Oppa, artım var ha, qaqa. “Disneyland” sözünü hardan öyrənmisən?

- Mürsəlin qardaşı qızı var e balaca, onun nənəsi rusdu axı. Şəkli varıydı, gədənin telefonunda. Zor yer idi, dedi ki, “Disneyland”dı. Sən öl, 1 milyonum olsa, Elxan Məmmədova 100 min verərəm, mən də həmişə gedərəm gəzməyə. Dur e qaqa, dur gedək, çayı bizdə içərik, Fatma mamanı da görərsən.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər