Bu gün Avropa Liqasının final matçı baş tutacaq. Həlledici matçda "Sevilya" ilə qarşılaşacaq "Benfika" ilə bağlı maraqlı bir məqam yenə gündəmə gəlib.
Belə ki, 1961 və 1962-ci illərdə Portuqaliya təmsilçisini Çempionlar Kubokunun (indiki Çempionlar Liqası) qalibi edən Bela Quttmann klubu lənətləyib. Belə ki, Avropada ardıcıl iki kubok qazanan baş məşqçi maaşının artırılmasını istəyib. Klub rəhbərliyi isə ona qapını göstərib. Macar mütəxəssis isə "Benfika" bundan sonra 100 il Avropada heç bir kubok qazanmayacaq" deyib.
Portuqaliya klubu həmin vaxtdan sonra oynadığı 7 finalda meydanı məyus tərk edib. Bu isə "Bela Quttmann lənəti" deyiminin ortaya çıxmasına səbəb olub.
"Benfika"nın 1962-ci ildən sonra qatıldığı və qələbə qazanmadığı finalları təqdim edirik.
"Bela Quttmann lənəti" başladı
1963-cü ildə ardıcıl üçüncü dəfə Çempionlar Kubokunun finalına çıxan "Benfika" "Milan"a 1:2 hesabı ilə yenilib. Londondakı "Uembli" stadionunda keçirilən matçda Jose Altafini iki qol vuraraq portuqaliyalıları məyus edib.
Yenə italyanlar
Quttmannsız üçüncü mövsümünü keçirən "Benfika" 1964/65 mövsümündə adını bir daha Avropanın ən böyük klub turniri olan Çempionlar Kubokunun finalına yazdırıb. "İnter"lə qarşılaşan Portuqaliya klubu matçınr favoriti hesab olunsa da, meydanı 0:1 hesablı məğlubiyyətlə tərk edib.
Quttmannsız olmur
Quttmannın lənəti aradan illər keçməsinə rəğmən gücündən heç nə itirmir. 1967/68 mövsümündə 5-ci dəfə Çempionlar Kubokunun finalına çıxan "Benfika" buradək heç bir çətinliklə üzləşmir. Lakin finalda "Mançester Yunayted" 4:1 hesablı qələbə qazanır. Beləliklə, 8 ildə 5-ci dəfə finala çıxan "Benfika" Qutmannsız 3-cü finalda da məyus olur.
Kuboklar Kubokunda da eyni ssenari
Artıq "Benfika"nın qızıl illəri geridə qalmış, Avropada ardıcıl finalların oynandığı dönəm bitmişdi. Daha insanların ağlına Quttmannın lənəti belə gəlmirdi. Belə bir məqamda - 1982/83 mövsümündə komanda adını Kuboklar Kubokunun finalına yazdıra bildi. Ötən illər ərzində lənətin öz təsirini itirdiyi düşünüldü, amma yenə heç nə dəyişmədi. "Benfika" "Anderlext"ə 1:2 hesabı ilə uduzdu və yenə hamının yadına Quttmann düşdü.
Yenə olmadı
1987/88 mövsümündə Çempionlar Kubokunun finalına çıxan "Benfika" yenə Avropanın ən böyüyü olmağın xəyallarını qururdu. Bu dəfə ümid böyük olsa da, nəticə olmadı. PSV ilə final matçının əsas vaxtı 0:0 hesabı ilə başa çatdı, penalti seriyasında isə hollandlar gülən tərəf oldu - 6:5.
Eusebio dua etdi, amma...
80-ci illərin sonlarında "Benfika" "qızıl dövrü"nü xatırlatmağa başlamışdı. 1989/90-da - bir mövsümlük fasilədən sonra Eusebiolu komanda yenidən Çempionlar Kubokunda finala çıxdı. Hətta Portuqaliya futbolunun əfsanəsi Eusebio Vyanadakı finaldan öncə Quttmannın məzarını ziyarət edərək, dua etmiş və lənətin sona çatmasını arzulamışdı. Görünən odu ki, macarın inadı Eusebionun dualarından daha üstün oldu. Belə ki, finalda "Milan" bir daha "Benfika"nı devirərək lənəti davam etdirdi.
"Çelsi" son dəqiqədə...
"Benfika" 1990-cı ildən sonra finala bir neçə dəfə yaxınlaşsa da, həlledici matça vəsiqə əldə edə bilməmişdi. Bu tilsim ötən mövsüm Avropa Liqasında qırıldı. Düz 23 il sonra avrokuboklarda finala çıxan komanda "Çelsi"yə son dəqiqə qolu ilə yenilərək yenə kuboksuz qaldı. Həmin mövsüm "Benfika" Avropa Liqası ilə yanaşı, Portuqaliya çempionatı və kubokunda da son matçda yenilərək böyük uğursuzluq yaşadı.
Bu gün "Benfika" 1962-ci ildən sonra Avropada 8-ci finalını oynayacaq. Portuqaliya klubu 52 ildən sonra "Quttmann lənəti"ni qıra biləcəkmi?
Fanat.az