Nə yerlilər gedir, nə ulduz gəlir- YAZI

Nə yerlilər gedir, nə ulduz gəlir- YAZI

Hər transfer dönəmində klublar faydasızlardan qurtulmaq, satıb pul qazanmaq, alıb heyəti gücləndirmək haqda düşünür. Ən səs-küylü transferlərin yay aylarına təsadüf etməsi də faktdı. Axı mövsümlərarası fasilə yenilənmək üçün ən münasib dönəmdi. Əlbəttə, ölkəmizin də özünə görə futbolu, çempionatı, klubları, menecerləri və futbolçuları var.

 

Yerli “bomba partlamayıb”

 

Azərbaycan klublarına sərmayə yatırılandan sonra peşəsi top qovmaq olanların da qazancı artdı, vasitəçilərin də. Hə, məlum səbəbdən ortaya çıxan süni bahalaşma yerli “qaymaqlar”ın çoxunun ölkədən kənara çıxmaq arzusunu ikinci plana keçirib və bu yetərincə ciddi problemdi. Adətən bir Azərbaycan təmsilçisini digərinə dəyişən seçilən adların “akvariumun bir başından o biri başına üzməsi” dəb halını alıb. Para müharibəsində “mən-mən” deyənlərin daha çox pul qarşılığında istedadlı yerliləri şirnikləndirdiyini, klubundan “qopardığını” çox görmüşük. Bu yay yerli “bomba partlamayıb”. Düzdü, Elvin Məmmədov “Bakı”nı “İnter”ə, Rəşad Sadiqov “Neftçi”ni əzəli rəqibi “Xəzər Lənkəran”a Ruslan Əmircanov “İnter”i “Qəbələ”yə dəyişib. Lakin bu tanınan oyunçuları son vaxtların “bərkgedənlər”i adlandırmaq çətin məsələdi. Adıçəkilənlər 2013/14 mövsümündə adından söz etdirənlər yox, başını aşağı salıb oynayanlardı. Daha dəqiq desək, Əmircanov Rəşadla Elvindən uğurlu olub. Qısası, yerli “bomba partlamayıb”. Rauf Əliyev,  Rəşad Sadıqov, Əfran İsmayılov, Kamran Ağayev, Rahid Əmirquliyev, Vaqif Cavadov “tərpənsəydi”, başqa məsələ. Sonradan nələrin baş verəcəyini zaman göstərəcək. Ruslan Abışovun “Rubin”i “Qəbələ”yə dəyişməsi isə ölkə futbolu adına xoş xəbər sayılmır.

 

Xaricdən ulduz  gəlməyib

 

Legionerlərin xidmətinə ehtiyac duyan klublarımızdan heç biri ölkəmizə ayaq basmamışdan azərbaycanlı futbolsevərlərə tanış olan simayla anlaşmayıb. Doğrudu, “Qarabağ”ın rənglərinə bağladığı Danilo Dias, “Neftçi”nin müqavilə imzaladığı Kaue, “İnter”in transfer etdiyi Aleksandr Amisulaşvili yetərincə bacarıqlı əcnəbilərdi.  Ciblərini doldurub qaçmaqla kifayətlənənlərə oxşamırlar. Amma gələn mövsüm çempionatımızda çıxış edəcəyi dəqiqləşən yeni gəlmələrə ağızdolusu ulduz deməyə də dəyməz. Başqa sözlə, bir vaxtlar premyer-liqada tər tökmüş Oktay Dərəlioğlu, Emil Mpenza, Valentin Belkeviç, Ahmet Dursun, Sergey Skaçenko, Artyom Bezrodnı, Laki İdahor, Marat İzmaylov  “çəkidə” oyunçu almayıblar. Ulduz futbolçuların ümidləri nə dərəcədə doğrultması ayrıca yazı mövzusudu. Söhbət  “bazar”dakı fəallıqdan gedir.

 

Yenə gedən yoxdu

 

Menecerlərimiz premyer-liqa iştirakçılarına əcnəbi tapmaqda mahir olsalar da, öz futbolçularımızın daha səviyyəli çempionatlara yolunu açan tapılmır. Müstəqillik dönəmində “idmanın şahı”nın sirlərinə yiyələnənlər arasında ayağı əcnəbi klubların bazasına dəyənlər barmaqla sayılacaq qədərdi ki, belələri də Vaqif və Ruslanın timsalında əsas heyətdə möhkəmlənə, ölkəni layiqincə təmsil edə bilməyib. Bəli, xoşagəlməz reallığı yalnız oyunçuların fərasətsizliyi ilə bağlamaq düzgün yanaşma deyil. Rəsmi və qeyri-rəsmi fəaliyyətlə məşğul olan menecerlər istəsə, hər azı 2-3 oyunçu doğru inkişaf yolunu tapar. Təəssüflər olsun ki, payızda vəd verən vasitəçilər yay aylarında susur.

 

Üçü ”yatırsa”...

 

Ölkənin maddi dayaqlarına görə ilk “üçlük”də qərarlaşan klublarının “Bakı”, “Xəzər Lənkəran” və “Qəbələ”nin daxili xaosdan gec qurtulması (“zolaqlılar” hələ də qurtulmayıb) transfer məsələlərinə təsirsiz ötüşməyib. Bu günədək müşahidə edilən donuqluq məhz “ağ-yaşıllar”la , “qırmızı-qaralar”ın yeni baş məşqçi axtarışına ifrat zaman xərcləməsindən qaynaqlanır.  İyunun 25-də bir araya gələcəyi, klubdaxili toplantı keçirəcəyi deyilən “Bakı” da “ayılsa” əməlli-başlı canlanma yaranacaq.

 

NİHAT, "Futbol+"

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər