Bu gün yoldaşlıq oyunu keçirən milli komandamız ABŞ yığmasına 0:2 hesabı ilə uduzub. Fanat.az yığma üzvlərinin oyunla bağlı fikirlərini təqdim edir.
Mahir Şükürov: "Oyun maraqlı və gərgin keçdi. Uduzmaq istəmirdik. Amma bu, yoxlama oyunu idi, baş məşqçi öncədən də demişdi ki, eksperimentlər aparacaq. Əvəzlənməyimə gəlincə, Berti Foqts İlkin Qırtımovu da iş başında yoxlamaq istəyirdi. Ona görə də, fasilədə onu meydana buraxdı. ABŞ yığması dünya çempionatına əbəs yerə vəsiqə qazanmayıb. Bu komandanın necə güclü olduğunu biz də bu gün hiss etdik".
Ruslan Abışov: "Böyük yol qət etmişdik. Uduzmamağa çalışırdıq. Amma rəqib güclü komanda idi, bizi oyunboyu gərginlikdə saxladılar. Bizim əsas hədəfimiz AÇ-2016-nın seçmə mərhələsinə yaxşı hazırlaşmaqdı. Hazırlıq üçün hələ vaxtımız var. Bilirdim ki, bu qarşılaşmada cəmi bir hissə oynayacam. Oyun təcrübəmin az olması ilə bağlı Berti Foqtsla söhbətimiz olmuşdu. Ümid edirəm ki, klubumla problemimi həll edə biləcəm və yığmaya daha yaxşı formada gələcəm. Fiziki baxımdan heç bir problemim yoxdu. Amma oyun baxımından bəzi məqamlar var ki, onları yoluna qoymağım lazımdı".
Rasim Ramaldanov: "Biz uduzmamağa cəhd göstərdik. Amma bunun çətin olacağını bilirdik. Qola qədər amerikalılar demək olar ki, qapımız qarşısında qol vəziyyəti yarada bilməmişdilər. Standart vəziyyətlərdən qol buraxdıq. Bütövlükdə pis oynamadıq. İkinci hissədə küləyə qarşı oynasaq da, bu, məğlubiyyətə bəraət qazandıra bilməz. Rəşad Sadıqovsuz oynamaq çətin idi. O, komandamızın vacib oyunçularından biridi".
Maksim Medvedev: "Bilirdik ki, amerikalılar güclüdülər. Onları qarşıda dünya çempionatı gözləyir. Bura gəlmək üçün az yol qət etməmişik. Az səhv buraxmağa çalışırdıq. Amma hər iki qolu kobud səhvlər nəticəsində buraxdıq. Futbolda da səhvsiz oynamaq mümkün deyil. Artıq avqustda keçiriləcək Özbəkistanla oyunu düşünməliyik".
Rəşad Sadıqov: "İlk on dəqiqə istisna olmaqla, 75-ci dəqiqəyə qədər biz rəqibə real qol vəziyyətləri yaratmaq imkanı vermədik. Biz qolları standart vəziyyətlərdən sonra buraxdıq. Ancaq oyun 0:0 hesablı heç-heçə ilə başa çata bilərdi. Bu oyundan nəticə çıxarmaq lazımdır. Rəqib standart vəziyyətləri ifa edərkən, xüsusilə diqqətli olmaq lazımdı".
Rauf Əliyev: "Yüksək səviyyəli futbol göstərə bilmədik. Daha çox müdafiə olunurduq və təhlükəli vəziyyətlər yarada bilmədik. Standart vəziyyətlərdən qollar buraxdıq. Həmçinin, hücumların yaradılması ilə bağlı çətinliklər vardı. Bütün 90 dəqiqəni müdafiədə oturmaq olmaz. Belə bir futbol yoxdu. Biz müdafiədə oturmuşduq və rəqib əvvəl-axır üstünlüyündən istifadə etdi. 75 dəqiqə dözdük, ancaq nəticədə müdafiə futbolu əksini tapdı".
azerisport.az