Kapitan göyərtədədi

Kapitan göyərtədədi

Bu gün Norveçdə keçirilən şahmat Olimpiadasında 5-ci turun oyunları keçiriləcək. Fanat.az xəbər verir ki, arxada qalan 4 turdan sonra kişilərdən ibarət yığma komandamız mütləq nəticəylə 1-3-cü pillələri bölüşdürür. 

Qadınlardan ibarət komandamızın sərgilədiyi oyun da alqığa layiqdir. Zərif cins nümayəndələriniz yalnız 4-cü turda yarışın favoriti sayılan Çinə məğlub olub. İlk 3 turda isə Fikrət Sideifzadənin komandası qələbələri sıralayıb. Əvvəlcədən məlum idi ki, qızlarımız medallar uğrunda mübarizə aparmaq gücündə deyillər. Bu səbəbdən də möcüzəyə inanmağa dəyməz. Axı bu, futbol deyil ki, deyəsən "top yumru, meydan düzdü". Şahmatda sensasiya etmək olduqca müşkül məsələdi.

İndi isə bütün şahmatsevərlərin böyük ümidlər bəslədiyi kişilərdən ibarət komandamız haqda. İlk turda heç bir əziyyət çəkmədən əlillər yığması üzərində qələbə qazan dərin zəka ustalarımızın növbəti qrubanı, Şotlandiya yığması oldu. Ancaq bu qələbə asan başa gəlmədi. Şəhriyar Məmmədyarov, Eltac Səfərli və Qədir Hüseynov rəqiblərinin müqavimətini qıra bilmədilər. Yalnız Rauf Məmmədovun fədakar oyunu sayəsində komandamız 2,5:1,5 hesablı qələbəni bayram etməyi bacardı. Xorvatiya ilə görüşdə də eyni ssenari təkrarlandı. Nə Şəhriyar, nə 2-ci turda dincələn Teymur Rəcəbov, nə də Qədir rəqiblərini məyus edə bildi. Bu dəfə növbə Eltacın oldu. Səfərlinin qələbəsi komandamızın aktivinə növbəti 2 xalın yazdırılması ilə nəticələndi. 

Dünənki tur komandamızın iddialarınının nə dərəcədə ciddi olması sualına cavab verməli idi. Çünki rəqib 3-cü turda son iki Olimpiadanın qalibi Ermənistanı məğlub edən Fransa yığması idi. Və bu dəfə meydana komandamızın lideri Şəhriyar Məmmədyarov çıxdı. Qara fiqurlarla oynamasına baxmayaraq, qədim hind müdafiəsində Maksim Vaşye-Laqravı debütdəcə boğmağı bacaran həmyerlimiz böyük ustalıqla partiyanı xeyrinə başa vurdu. Digər 3 lövhədə isə xallar yenə də yarı bölündü.

Maraqlıdır ki, 2, 3 və 4-cü turlarda komandamız 1 lövhədə qələbə qazanıb, digərlərində xalları yarı bölüb. Belə təsadüflər olmur. Bu, yalnız bir şeydən xəbər verir - taktikadan. Və taktikanı da quran komandamızın kapitanı Aleksandr Xalfmandı. Bax, aldığı məvacibin qarşılığını verən legioner bu cür olmalıdı! 

İlk 4 turdan sonra yığmamız Serbiya və Bolqarıstanla 1-ci pilləni bölüşür. Əlbəttə, əsas mübarizə hələ irəlidədi. Heç şübhə yox ki, təmsilçimizi qarşıda Ermənistan, Rusiya, Ukrayna, Çin kimi iddialı kollektivlərlə qarşılaşmalar gözləyir. Lakin start addımı atılıb və qarşıya ümidlə baxmağa dəyər!

Ceyhun Əliyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər