"Mən artıq “Neftçala”nın baş məşqçisiyəm. Özümü sübut etmək üçün şans yaradıblar. Çalışacağam ki, özümü doğruldum”. Fanat.az xəbər verir ki, bu sözləri “Neftçala”nın yneni baş məşqçisi Kamal Quliyev deyib.
Quliyev bu gün mətbuat konfransı keçirib. Baş məşqçi kimi ilk işinə başlayan millimizin sabiq üzvü iddialı danışıb: "Gənc bir məşqçi üçün baş məşqçi olmaq asan deyil. Bu çətinliyi aradan qaldırmaq üçün qazandığım təcrübədən istifadə edəcəyəm. “Neftçala”nı elə bir vəziyyətə gətirəcəyik ki, Azərbaycanın top klubları bizim komandamıza həsədlə baxacaqlar".
Yeni baş məşqçi yollarını ayırdığı "Neftçi" barədə də danışıb: “Neftçi”nin mənim həyatımda böyük rolu olub. O komanda mənim məşqçi kimi yetişməyimə kömək oldu. Klub rəhbərliyinə təşəkkürümü bildirirəm. Ordan ayrılmaq çətin olsa da, nə vaxtsa bu qərarı verməli idim. “Neftçi” mənim ata yurdum idisə, “Neftçala” öz evim olacaq”.
Quliyev elitada oynayan bəzi futbolçularla danışıqlar apardığını bildirib: “Premyer Liqa oyunçuları ilə danışmışam. Çox istəyərdim ki, həmin oyunçular mənim komandam da yer alsın. “Neftçala” I divizionda ilk yerlərə layiq olan komandalardandı. Burda şərait var, maliyyə baxımından heç bir problem yoxdu".
"Mənim müqavilə müddətim bir ildi. Əsas şərt müqavilə deyil. Mən oynayanda da müqaviləni önəmli saymamışam, bu böyük əhəmiyyət kəsb etmir. Çalışacam ki, çempion olaq və yaxşı nəticələr əldə edək. Uğur qazandığın təqdirdə burda olacam” deyə Quliyev əlavə edib.
futbol11.az