"Ölkə prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı" haqqında sərəncam imzaladıqdan sonra Azərbaycanda futbol daha sürətlə inkişaf etməyə başladı". Fanat.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Məmmədov "Associated Press" agentliyinə açıqlamasında gələn il Bakıda keçiriləcək I Avropa Oyunlarından və Bakının 2020-ci ildə baş tutacaq Avropa çempionatının final mərhələsinə ev sahibliyi etməyə namizəd şəhərlər arasında göstərilməsindən danışıb: "17 yaşadək qızlar arasında dünya çempionatı Azərbaycanda keçirildi. Yarış yüksək səviyyədə təşkil olundu. 17 yaşadək oğlanlar arasında Avropa çempionatı 2016-cı ildə ölkəmizdə keçiriləcək. AFFA prezidenti Rövnəq Abdullayev bu turnirə böyük diqqət ayırır. Azərbaycan idman sahəsində son illərdə böyük uğurlara imza atır. Təsadüfi deyil ki, 2015-ci ildə Avropa Oyunları Azərbaycanın paytaxtında baş tutacaq. Ölkəmiz Avropanın idman mərkəzlərindən birinə çevrilməkdədi. Hazırda əsas hədəfimiz 2020-ci il Avropa çempionatının final mərhələsinə ev sahibliyi etməkdi".
Baş katib Azərbaycan klublarının avrokuboklarda uğur qazana biləcəyinə inanır: "Neftçi" Avroliqanın qrup mərhələsində mübarizə aparıb, İtaliyanın “İnter” klubu ilə heç-heçə edib. Amma hədəfimiz növbəti illərdə Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində oynamaqdı. Klublarımızın avrokubokların qrup mərhələsinə düşməsi realdı".
Fanat.az