"Qəbələ"nin yeni baş məşqçisi Dorinel Muntyanu klubun rəsmi saytına müsahibə verib. Rumın mütəxəssisin fikirlərini təqdim edirik.
- Qarşısına böyük məqsədlər qoyan bir klubdan dəvət almaq çox xoşdu. Məqsədə nail olmaq üçün işə uğurlu başlamaq önəmli şərtdi. Başlanğıc necə olursa, sonra elə də davam edir. Özümə və komandama uğurlu mövsüm arzulayıram. Bu isə o deməkdi ki, nəticəmiz ötən mövsümdən yaxşı olsun. Bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik.
- Qısa müddət sonra "Qəbələ"ni Avropa Liqasında çətin sınaq gözləyir...
- Avropa Liqasına az vaxt qalması böyük problem deyil. Önümüzdəki 2 həftə yarım zaman kəsiyi hazırlaşmağa kifayət edəcək. Vacib olan heyəti formalaşdırmaq, rəqabət qabiliyyətli komanda yaratmaqdı.
- Yəqin ki, komanda üçün yaradılan şərait barədə məlumatlısınız...
- Buradakı hazırlıq şəraiti çox yaxşıdı. Əldə etdiyim məlumata görə Qəbələdəki şərait də yüksək səviyyədədi. Rəhbərlik də həmişə komandaya yaxından dəstək olur. Bunlar vacib faktorlardı.
- Son olaraq məşqçilər korpusu barədə...
- Köməkçilərim qısa müddətdə kollektivə qoşulacaq. Onlar gələn kimi işə başlayacağıq. Fiziki hazırlıq üzrə bizə alman məşqçi Ruben Hornberger kömək edəcək. Bundan əlavə Moldovadan analist-məşqçi Andei Martin və Rumıniyadan məşqçi Katalin Çorman komandamda olacaq. Təbii ki, yerli köməkçi məşqçi Sənan Qurbanov və qapıçı məşqçisi Dmitri Kramarenko ilə də çalışmaqdan məmnunam.
Fanat.az