Ceyhun Əliyev
Azərbaycan futbolu haqda dastan yazsan da azdı. Bu dəfə mən dastan yazmıram, sadəcə, folklor janrı ilə paralel aparıb, futbolumuzun niyə yerində saydığını araşdırmağa çalışacağam.
Sovetlər dönəmində milli nağıllarımızı xatırlayarkən, daha çox üçü yadımıza düşür: "Cırtdan", "Məlikməmmədin nağılı" və "Ağ atlı oğlan". Bax bu 3 nağılın üzərində də subyektiv mövqeyimi paylaşmağa çalışacağam.
Başlayaq "Cırtdan"dan. Nağılın əvvəlini xatırlayaq. Qəhrəmanın nənəsi odun yarmağa gedən Cırtdanın dostlarına yağ-əppək verib, nəvəsindən muğayət olmağı tapşırır. Bunu futbol terminologiyasına çevirdikdə nə alınır? Hansısa imkanlı day-day klub prezidentinə övladını tapşırır. Klub prezidenti də pilləkənlə üzü aşağı vitse-prezidentə, o da öz növbəsində uşaq məşqçisinə "day-dayın övladı"na xüsusi diqqət yetirməyi tapşırığı verir. İstənilən beynəlxalq turnirə kim getməlidi? Sual ritorikdi. Əlbəttə, bu gün hansı klubu dindirsən, rəsmi şəkildə "nə danışırsınız, bizdə elə şey ola bilməz!", - deyəcək. Ancaq mən dindirmirəm, günümüzün reallığına söykənən acı dərdimizdən danışıram. Bax beləcə, balaca "Cırtdan" "nənəsinin yağ-əppəyi" hesabına böyüyür və hər işi yağ kimi gedir. Ancaq müəyyən dövrədək. Çünki hətta Azərbaycan Premyer Liqasında da tapşırıqla meydanda baş girləyə bilsə də, avrokuboklarda "nənənin yağ-əppəyi" kömək olmur və azarkeşlər onun ünvanına, yumuşaq desək "bu nə gündədi? Allah evini yıxsın", - deyirlər...
Bəs "Məlikməmməd"? Burda da maraqlı tendensiya var. Quyudan çıxmaq istəyən qardaşın kəndirini kəsmək, qardaşın arvadına göz dikmək kimi "qəhrəmanlıqlar"dan bəhs edən nağıl da futbolumuzda var. Hansısa yerli mütəxəssisi baş məşqçi təyin edirlər. İşsiz olan mütəxəssislər dərhal ona zəng vurub təbrik edirlər, işində uğurlar arzulayırlar. Bu, üzdə olanı. Arxada isə kəndiri kəsmək üçün əllərindən gələni edirlər. Klub prezidentinə birbaşa çıxşları yoxdursa, onun əlaltıları vasitəsi ilə tez-tez həmkarlarını pisləyirlər, onun tutduğu posta keçmək üçün min bir varianta əl atırlar. Folklorumuz belə öyrədib axı...
Nəhayət, "Ağ atlı oğlan" barəsində. Nağıl millətin kənardan kiminsə ("ağ atlının") gəlib onları xilas edəcəyindən bəhs edir. Bəh-bəh-bəh! Biz də bu gün "ağ atlı"nı gözləyirik. Milliyə Berti Foqtsu gətirmişik, U-21-ə Bernhard Lippert rəhbərlik edir. Gəliblər e! Yox, ənənəvi olaraq, almanların məvacibindən bəhs edən yazılara bənzətmirəm fikrimi. Ancaq bir ritorik sualım var: Nəyə görə almanlara yaradılan şərait millini yerli mütəxəssislər çalışdıranda yox idi? Mütləq Foqts deməlidi ki, bu, baş versin?
Bəlkə hərdən özümüzə də güvənək? Misal kimi Qurban Qurbanovu göstərmək istəyirəm. Hansı "ağ atlı"dan əskikdi? Gözəl başa düşürəm ki, millimizin heyətində Reynaldo səviyyəsində forvard yoxdu. Bəs taktika? Nəyə görə "Qarabağ" dalğavari sürətdən istifadə edərək, istənilən rəqibə qarşı fiziki durumuna uyğun olaraq oynaya bilir, yığmamız isə elitar komandalarla vahid şüardan - "hamı müdafiəyə!", - istifadə edir?
Cənablar, mentalitetimiz folklorumuzdan yaranıbsa, deməli, mentaliteti dəyişmək lazımdı. Deməli, yeni üslubda "Ağ atlı oğlan" yazıb, qəhrəmanlarımızı öz içimizdən axtarmalıyıq.