DÇ tarixinin ən unudulmaz 10 oyunu- SİYAHI

DÇ tarixinin ən unudulmaz 10 oyunu- SİYAHI

Dünya futbolunda bir sıra qarşılaşmalar olub ki, bu oyunların üstündən illər keçsə də hələ də yaddaşlarda qalır. Bir az yaşlı futbol azarkeşləri hər zaman bu oyunu xatırlayırlar. Fanat.az dünya futbolunda ən maraqlı hesab edilən 10 oyunu oxuculara təqdim edir. 

10) Argentina - İngiltərə: 2-1 (1986)

Meksikada keçirilmiş 1986-cı il dünya çempionatının unudulmaz oyunu Argentina ilə İngiltərə arasında keçirilib. 51-ci dəqiqədə əfsanəvi ulduz Maradona ingilis müdafiəsini keçən topa başıyla birlikdə əliylə də toxunaraq məşhur qola imza atıb. Oyunun tunisli hakimi Ben Naceur və bir çoxları Maradonanın əllə oyununu görməyib. Daha sonra Maradona bu haqda danışarkən "Tanrının əli" ifadəsini işlədərək əllə müdaxiləyə bu cür "haqq qazandırıb". Bu qoldan sonra isə o daha bir möhtəşəm və nadir (rəqibin, qapıçı da daxil altı oyunçusunu keçərək) qola imza atıb və sonrakı dəqiqələrdə ingilislərin atdığı qol heç nəyi dəyişdirməyib.

9) İngiltərə - AFR: 4-2 (1966)

8-ci dünya çempionatının finalına çıxmış İngiltərə 65 ildir almanlara uduzmamışdı. Ancaq gözlənildiyi kimi asan bir oyun olmadı və 90 dəqiqə 2-2 bərabərliklə bitdi. 100-cü dəqiqədə isə hələ də mübahisəli olan qolun vurulması ilə ingilislər oyunu qazandılar. Belə ki, zərbədən sonra üst dirəyə çarpan top daha sonra yerə dəyərək qayıtdı. Hakim Dienst yan hakim, həmyerlimiz Tofiq Bəhramovun yanına getdi və qısa məsləhətləşmədən sonra qol qərarını verdi. Almanların etirazı isə heç nəyi dəyişdirmədi. 

8) AFR  - Fransa: 3-3 (1982) 

İspaniyanın ev sahibi olduğu 1982-ci il mundialının yarımfinal mücadiləsində Platininin liderlik etdiyi Fransa ilə Qərbi Almaniya üz-üzə gəlib. Əsas vaxtı 1-1, uzatma dəqiqələri isə 3-3 bitən oyundan sonrakı penaltilər seriyasında AFR qazanıb. 

Oyunu gərgin və maraqlı edən isə dalbadal atılan qollar və 57-ci dəqiqədə fransız Patrik Battistonun zədələnməsi olub. Lakin hakim cərimə zərbəsi təyin etməyib. Üzündən zədələnən Battiston isə oyundan sonra həftələrlə müalicə alıb.

7) AFR-Hollandiya: 2-1 (1974) 

10-cü DÇ Qərbi Almaniyada keçirilib. Turnirin final oyunu isə unudulmaz oyunlar sırasına girməyi bacarıb. 

Hollandların ilk hücumunda cərimə meydançasında Kruiffin yıxılması ilə hakim penalti qərarını verib və almanlar ilk dəqiqələrdə öz qapılarında qol görüblər. 25-ci dəqiqədə isə hələ də mübahisəli olan penaltidən sonra almanlar bərabərlik qolunu vura biliblər. Daha sonra isə Gerd Müller Almaniyanı önə çıxaran qolu atıb. Oyunun qalan dəqiqələrində hollandların səyi heç bir nəticə verməyib 

Bu oyun iki əfsanəvi oyunçu Frans Bekkenbauer və Yohan Kruiffin son dəfə bir finalda qarşı-qarşıya gəlməsi ilə tarixə keçib. 

Almaniya 1954-cü ildən sonra ikinci dəfə kuboku müzeyinə aparıb. 

6) Braziliya- Uruqvay: 1-2 (1950) 

Braziliya ev sahibliyini etdiyi 1950-ci il dünya kuboku tarixinin ən böyük şokunu yaşayıb. Braziliyalıların "böyük fəlakət günü" adlandırdığı 16 iyulda baş tutan oyunda Uruqvay təxminən 200 min tərəfdarın olduğu Marakana stadionunda turnurin ən böyük favoriti sayılan Braziliyanı 2-1 məğlub edib. 47-ci dəqiqədə Ademir Braziliyanı önə keçirən qola imza atıb. Bu qolla tribunalar coşub və hər kəs qələbəni gözləməyə başlayıb. Lakin 65-ci dəqiqədə Şiaffino bərabərlik qolunu vurub və oyunun bitməsinə 11 dəqiqə qalmış Çiggianın qolu Uruqvayı önə keçirib. Oyunun sonrakı dəqiqələrində qol olmayıb və Uruqvay ikinci dəfə dünya çempionluğu sevincini yaşayıb. 

5) İtalya-Braziliya: 3-2 (1982) 

Braziliyaya bərabərliyin də kifayət etdiyi bu 41 oyunu final oyunlarındakı kimi bir mücadilə ilə yadda qalıb. Paolo Rossinin İtaliyanı önə keçirən qolundan sonra Sokrates 12-ci dəqiqədə bərabərlik qolunu vurub. Lakin Rossi yenidən 25-ci dəqiqədə fərqlənib. Daha sonra Falkao Braziliya üçün yetərli olan qolu atsa da, Rossi yenə də bu qola 6 dəqiqə sonra qolla cavab verərək komandasına qalibiyyəti və yarımfinal vəsiqəsini gətirib. Daha sonra finala yüksələn İtaliya almanları da 3-1 məğlub edərək kuboku qazanıb. Paolo Rossi isə həm turnurin “qol kralı” həm də ən yaxşı oyunçu adını alıb. 

4) AFR-Macarıstan: 3-2 (1954)

İkinci dünya müharibəsindən sonra Almaniyanın yenidən ayağa qalxmasını göstərən 1954-cü ildəki bu DÇ-yə İsveçrə ev sahibliyi edib. Finala qədər oynadığı dörd oyunda 25 qol vuran Macarıstan Almaniyanı da asanlıqla udmağı planlaşdırırdı. İlk dəqiqələrdən iki qol vuran Macarıstan yığması artıq oyunu qazandığını düşünürdü. Lakin az sonra fərqi azaldan almanlar daha sonra Rahnın dalbadal vurduğu iki qol ilə qələbə qazandı. Ən əhəmiyyətli hadisə 85-ci dəqiqədə yaşandı. Macarıstanın vurduğu qol hakimin yanlış ofsayt qərarı ilə sayılmadı. 

3) Argentina-Peru: 6-0 (1978)

Bu oyunun alınması ilə bağlı iddiallar hələ də səslənməkdədir. Belə ki, çempionata ev sahibliyi edən Argentinanın final üçün 4 fərqlə qazanması lazım olduğu halda Perunu 6-0 hesabıyla məğlub etdi. Peru dəqiqələrlə Argentina qarşısında təslim olmadı. Ancaq 21-ci dəqiqədə Argentinanın qolları gəlməyə başladı. Peru qapıçısı Ramon Quiroganın Argentina əsilli olması günlərlə müzakirə olundu.

2) Braziliya-İsveç: 5-2  (1958)

Bu mundial Braziliyanın ilk dəfə kubok qazandığı turnir olaraq tarixə keçib. 1950-ci ildə Uruqvay məğlubiyyəti ilə kuboku əlindən buraxan yığma həmin il ev sahibi İsveçlə finalda qarşı-qarşıya gəldi. İsveçin ilk qolundan sonra özünü itirməyən Braziliya yığması hesabı bərabərləşdirdi və Pelenin dalbadal atdığı iki qoldan sonra çempion oldu. 

1) Argentina-İtaliya: 1-1 (1990) 

1990-cı il DÇ-nin ən xüsusi oyunlarından biri yarımfinalda oynanıldı. Maradona oyunun keçirildiyi İtalyanın Napoli şəhərinin əhalisinə səslənərək Argentinaya dəstək olmalarını istəyib. 

"Sizi afrikalı olaraq görən İtaliyanı dəstəkləyəcəksiniz?" sözləri bu gün də yaddaşlardan silinməyib. 

Oyun gərgin mübarizə şəraitində keçib və hər iki komanda yalnız bir topla fərqlənə biliblər. Əsas və əlavə vaxtlardan bir nəticə olmayıb və penaltilərə keçilib. Burada isə argentinalı qapıçı xüsusilə fərqlənərək komandasını finala aparıb. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər