Dünya çempionatının startına saylı günlər qalır. Fanat.az mundialla bağlı maraqlı məlumatları təqdim etməyə davam edir.
Dünya çempionatları tarixinin ən erkən qolu Hakan Şükürün aktivindədi. Türkiyə millisinin üzvü Yaponiya və Cənubi Koreyada keçirilən DÇ-2002-də adını tarixə yazdırıb. O, Cənubi Koreya ilə üçüncü yer uğrunda oyunun 11-ci dəqiqəsində rəqib qapısına yol tapıb. Yeri gəlmişkən, Hakan Şükür dünya çempionatının tarixinə düşən ilk və yeganə futbolçudu.
İkinci ən erkən qol Çexslovakiya yığmasının üzvü Vaklav Masekin aktivindədi. O, 1962-ci ildə Çilidə düzənlənən çempionatın Meksika ilə baş tutan oyunun 15-ci dəqiqəsində fərqlənib.
| № | Futbolçu | Yığma | Rəqib | DÇ | Saniyə |
| 1 | Hakan Şükür | Türkiyə | C.Koreya | 2002 | 11 |
| 2 | Vaklav Vasek | Çexslovakiya | Meksika | 1962 | 15 |
| 3 | Ernst Lehner | Avstriya | Almaniya | 1934 | 25 |
| 4 | Bryan Robson | İngiltərə | Fransa | 1982 | 27 |
| 5 | Bernard Lakombe | Fransa | İtaliya | 1978 | 31 |
Kubok tarixində ən gec qolu isə Alessandro Del Pyero vurub. O, DÇ-2006-nın İtaliya - Almaniya qarşılaşmasının 121-ci dəqiqəsində fərqlənib. Yarımfinalda baş tutan bu matçın əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. 119 və 121-ci dəqiqələrdə iki qol vuran italyanlar finala çıxıb.
İlk qol fransız, son qol ispandan...
Dünya çempionatlarının ilk qolunu fransız futbolçu vurub. Belə ki, 1930-cu ilin 13 iyulunda Uruqvayın paytaxtı Montevideoda baş tutan Fransa - Meksika matçında fransalı oyunçu Lusien Laurent adını tarixə yazdırıb.
Son qol isə CAR-2010-un finalında qeylə alınıb. İspan Andres İnyesta final mərhələlərinin son və 2208-ci qolunu Hollandiyanın qapısına vurub.
Final mərhələlərinin 500-cü qolunu 1958-ci ildə şotland Bobbi Kollins, 1000-ci qolunu 1978-ci ildə holland Rob Rensenbrink, 1500-cü qolunu 1994-cü ildə argentinalı Klaudio Kaniggia, 2000-ci qolunu isə 2006-cı ildə isveçli Markus Allbak rəqib qapısından keçirib.
Ən qoca və ən gənc qolçular
Dünya çempionatının final mərhələsində qol vuran ən yaşlı futbolçu Rocer Milladı. Kamerunlu futbolçu ABŞ-1994-ün Rusiya ilə oyununda qol vurarkən 42 yaşında olub.
Mundialın ən gənc qol müəllifi isə braziliyalı Peledi. Futbol əfsanəsi 1958-ci ildəki çempionatın Uelslə matçında fərqlənib. Bu zaman o, 17 yaş 244 günlük olub.
İlk het-trik müəllifi
Dünya çempionatında ilk het-trika müəllifi amerikalı Bert Patenaude olub. ABŞ yığmasının üzvü 1930-ck ildə Uruqvayın ev sahibliyi etdiyi yarışın ilk turunun matçında 3 qola imza atıb.
Ən sürətli het-trikin müəllifi isə Laszlo Kissdi. Macar futbolçu 1982-ci ildə El Salvadorun qapısına 7 dəqiqədə (69, 72 və 76) 3 qol vurub.
İki ölkə üçün qol vuran futbolçu
Robert Prosineçki final mərhələsində iki yığma üçün qol vuran yeganə futbolçudu. O, 1990-cı ildə Yuqoslaviya yığmasının heyətində Birləşmiş Ərəb Əmirliklərinin qapısına yol tapıb. 8 il sonra isə Xorvatiya millisinin üzvü kimi Yamaykanı məyus edib.
İlk avtoqol
Dünya çempionatında ilk dəfə öz qapısına qol vuran futbolçu Ernst Lötsçerdi. İsveçli futbolçu Almaniya-1938-də topu öz qapısına göndərərək, ilk avtoqolun müəllifi olub.
İlk penalti
Kubokun ilk penalti qolu Manuel Rosasın aktivindədi. Meksikalı futbolçu DÇ-1930-da Argentinanı 11 metrlik cərimə zərbəsindən məyus edib.
Fanat.az