Dünya çempionatının startına sayılı günlər qalır. Fanat.az xəbər verir ki, Braziliyada təşkil olunacaq mundial tarixdə 20-ci dəfə keçiriləcək.
İlk dəfə 1930-cu ildə Uruqvayda təşkil olunan və 19 dəfə baş tutan yarışda 6 dəfə meydan sahibləri, 13 dəfə digər komandalar çempion titulunu qazanıb.
İlk 2 turnirdə ev sahibləri çempion olub. Belə ki, 1930-cu ildə Uruqvay, 4 il sonra İtaliya öz evlərində təşkil olunan turniri kubokla qapayıb. İngiltərə 1966-cı ildə ev sahibliyi etdiyi yarışda ilk və hələlik son çempionluğuna nail olub. 1974-cü ildə Qərbi Almaniya, 4 il sonra Argentina, 1998-də isə Fransa meydan amilindən maksimum yararlanıb.
Son 3 yarışda ev sahibi olmayan komandalar kuboka sahib çıxıb. Sonuncu dəfə 1998-ci ildə Fransa öz evində güldükdən sonra meydan sahibləri sevinə bilməyib. 2002-ci ildə Cənubi Koreya və Yaponiyada keçirilən yarışı Braziliya, 2006-da Almaniyada təşkil olunan turniri İtaliya, 2010-da CAR-ın ev sahibliyi etdiyi mundialı İspaniya qazanıb.
İndiyədək iki ölkə yığması ev sahibi olduğu yarışın finalına çıxsa da, qalib adını qazana bilməyib. 1950-ci ildə Braziliya, 8 il sonra İsveç doğma meydandakı yarışın həlledici matçında kuboku əldən verib. Braziliya format səbəbi ilə heç-heçənin belə sərf etdiyi DÇ-1950-nin finalında Uruqvaya 1:2 hesabı ilə yenilib. İsveç isə DÇ-1958-in finalında Braziliyaya 2:5 hesabı ilə uduzub.
Fanat.az