Dünya çempionatının startına sayılı günlər qalıb. Fanat.az Braziliyada təşkil olunacaq mundialdan öncə turnirlə bağlı maraqlı məqamları təqdim edir.
Bu günədək keçirilən 19 dünya çempionatında 19 ölkədən 28 futbolçu bombardir olub. Mundial tarixinin ən yaxşı bombardiri Just Fontaynedi. O, 1958-ci ildə İsveçdə keçirilən çempionatda 13 qol vurub. Sonradan heç bir futbolçu bu göstəricini təkrarlaya bilməyib.
Çilidə keçirilən 1962-ci il yarış isə ən az qolla bombardir olan futbolçuların çempionatı kimi tarixə düşüb. Bu çempionatda Braziliyadan Qarrinça və Vava, SSRİ-dən Valentin İvanov, Çilidən Leonel Sançes, Macarıstandan Florian Albert və Yuqoslaviyadan Drajan Yerkoviç eyni sayda qol vurub - 4.
Dünya çempionatları tarixinin ilk bombardiri Quillermo Stabiledi. Argentinalı futbolçu Uruqvayda keçirilən DÇ-1930-da 8 dəfə fərqlənib.
Bütün dünya çempionatlarına qatılan tək ölkə olan Braziliya eyni zamanda ən çox bombardir yetişdirən komandadı. Belə ki, 19 mundialda 5 braziliyalı ən sərrast futbolçu ola bilib. Almaniyanın 3, Argentina, Macarıstan və İtaliyanın 2 futbolçusu bombardir olub. Çexslovakiya, Fransa, SSRİ, Çili, Yuqoslaviya, Portuqaliya, Polşa, İngiltərə, Bolqarıstan, Rusiya, Xorvatiya, Hollandiya, İspaniya və Uruqvayın isə 1 futbolçusu ən sərrast ola bilib.
Son dünya çempionatı - CAR-2010-da 4 futbolçu eyni sayda qol vurub. Belə ki, Hollandiyadan Uesli Sneyder, Almaniyadan Tomas Müller, İspaniyadan David Vilya və Uruqvaydan Dieqo Forlan 5 dəfə fərqlənib.
Dünyanın gəlib-getmiş ən yaxşı futbolçuları sayılan Pele və Dieqo Maradona dünya çempionatında bombardir ola bilməyib. Braziliyalı Pele iştirak etdiyi 4 dünya çempionatında 14 oyun keçirib və 12 qola imza atıb. Argentinalı Maradona isə 4 dünya çempionatına qatılaraq 21 oyun keçirib və 8 dəfə fərqlənib.
Dünya çempionatlarının bombardirləri
1930 - Guillermo Stabile (Argentina) - 8
1934 - Oldrix Neyedli (Çexslovakiya) - 5
1938 - Leonidas (Braziliya) - 7
1950 - Ademir (Braziliya) - 9
1954 - Sandor Koçsis (Macarıstan) - 11
1958 - Just Fontayne (Fransa) - 13
1962 - Qarrinça (Braziliya), Vava (Braziliya), Valentin İvanov (SSRİ), Leonel Sançes (Çili), Florian Albert (Macarıstan), Drajan Yerkoviç (Yuqoslaviya) - 4
1966 - Eusebio (Portuqaliya) - 9
1970 - Herd Müller (Almaniya) - 10
1974 - Qreqors Lato (Polşa) - 7
1978 - Mario Kempes (Argentina) - 6
1982 - Paolo Rossi (İtaliya) - 6
1986 - Hari Lineker (İngiltərə) - 6
1990 - Salvatore Skillaki (İtaliya) - 6
1994 - Xristo Stoyçkov (Bolqarıstan), Oleq Salenko (Rusiya) - 6
1998 - Davor Şuker (Xorvatiya) - 6
2002 - Ronaldo (Braziliya) - 8
2006 - Miroslav Kloze (Almaniya) - 5
2010 - Uesli Sneyder (Hollandiya), Tomas Müller (Almaniya), David Vilya (İspaniya), Dieqo Forlan (Uruqvay) - 5
Fanat.az