AZAL yeni mövsümün hazırlıqlarına rəsmən start verib. Fanat.az xəbər verir ki, "təyyarəçilər" bu gün "AZAL Arena"da keçirilən və təxminən 2 saat davam edən səhər məşqi ilə 2014/15 mövsümünün hazırlıqlarına başlayıb.
Məşqdə komandanın bütün üzvləri - həm yerlilər, həm də legionerlər iştirak edib. Yalnız Con Oluremi icazəli olduğundan hazırlığın ilk günündə çalışmayıb. O, bu gün Bakıya gələcək və sabahdan məşqlərə qoşulacaq.
Təlim-məşq toplanışının ilk mərhələsini Bakıda keçəcək AZAL iyulun ortalarına qədər davam edəcək dövrdə 4 yoxlama görüşü keçirməyi planlaşdırır. İlk oyun iyunun 28-də Azərbaycanın tələbə yığma komandasına qarşı olacaq. İyulun 5-də “Rəvan”la qarşılaşacaq “təyyarəçilər” 5 gün sonra “Neftçala” ilə münasibətlərinə aydınlıq gətirəcək. Hər 3 oyun “AZAL Arena”da keçiriləcək. İyulun 13-nə planlaşdırılan qarşılaşmadakı rəqib isə hələ dəqiqləşməyib.
Fanat.az