İspaniya klubları futbol və basketbol başda olmaq üzrə bu mövsüm Avropa idmanına damğa vurur. Avropanın 5 böyük kubokunda 7 ispan təmsilçisi mübarizəni may ayınadək davam etdirərək, final qarşılaşmalarına qatılmaq hüququ qazanıb. Futbolda Çempionlar Liqası və Avropa Liqası, basketbolda THY Avropa Liqasının "Dördər finalı" və ULEB Avropa Kuboku finalı ilə həndbolda Çempionlar Liqasının (kişilər) "Dördlər finalı"nın hər birində ən azı 1 ispan klubu var.
Futbolda ispanların ili
La Liqada çempionluq uğrunda mübarizə aparan "Real" və "Atletiko" Çempionlar Liqasında da finala çıxıb. "Atletiko" bu mövsüm turnirdə keçirdiyi 12 oyunda məğlubiyyət üzü görməyib. "Real" isə sadəcə 1 matçda yenilib. "Kral Klubu" 1/4 finalın ilk oyununda 3:0 hesabı ilə yendiyi Dortmund "Borussiya"sına uduzub - 0:2. "Real"la "Atletiko" arasındakı final matçı mayın 24-də Lissabonda baş tutacaq.
İspaniyadan bu mövsüm Çempionlar Liqasına 4 klub qatılıb. Bir xal toplaya bilən "Real Sosyedad" qrup sonuncusu olaraq mübarizəni dayandırıb. 1/4 finaladək irəliləyən "Barselona" isə bu mərhələdə "Atletiko"ya uduzmuşdu.
İspaniya klubları Avropa Liqasında da uğurlu çıxış edib. "Sevilya" kubokun finalına yüksəldiyi halda, "Valensiya" və "Betis" də bu turnirdə uğurlu qrafik cızıb. 1/8 finalda "Betis"i mübarizədən kənarlaşdıran "Sevilya" yarımfinalda da "Valensiya"dan üstün olub.
"Sevilya" ilə ardıcıl ikinci dəfə Avropa Liqasının finalına çıxan "Benfika" arasındakı matç mayın 14-də Turindəki "Yuventus Arena"da keçiriləcək.
Basketbolda ispan hegemonluğu
Avropa basketbolunda ispan klublarının son illərdəki uğurlu çıxışı davam edir. İspaniya THY Avropa Liqasının "Dördlər finalı"nda "Real" və "Barselona" ilə təmsil olunacaq. 2005-ci ildən sonra hər il ən azı bir komanda ilə "Dördlər finalı"nda təmsil olunan İspaniya klubları 16-18 may tarixlərində Milanda baş tutacaq turnirin yarımfinalında üz-üzə gələcək.
Avropa Liqasında İspaniyanı təmsil edən digər iki komanda - "Malaqa" və "Laboral Kutxa" isə mübarizəni "Top 16" turundə dayandırmışdı.
İspan basketbolunu uğurla təmsil edən "Valensiya" ULEB Avropa Kubokunda finala yüksəlib. İlk oyunu öz meydanında keçirən ispanlar Rusiyanın "Unics Kazan" klubunu 80:67 hesabı ilə yenib. Cavab matçı mayın 7-də Rusiyada keçiriləcək.
Həndbolda ispan ənənəsi
Həndbol üzrə Çempionlar Liqasında (kişilər) 8 dəfə çempionluq sevinci yaşayaraq buna ən çox nail olmuş klub adını qazanan "Barselona" bu mövsüm də "Dördlər finalı"na çıxıb. Son çempionluğunu 2010/11 mövsümündə qazanan Kataloniya klubu ötən mövsüm finalda "Hamburq"a yenilmişdi. Bu mövsüm 31 may - 1 iyun tarixlərində Kölndə keçiriləcək "Dördlər finalı"nın yarımfinalında "Barsa"nın rəqibi "Flensburq-Handevitt" olacaq.
Fanat.az