Hər il olduğu kimi bu il də aprel - may aylarında Bakı Banklararası Valyuta Birjası (BBVB) tərəfindən, banklar və digər təşkilatlar arasında futzal üzrə turnir təşkil edilib. Fanat.az xəbər verir ki, təşkilatlar arasında tərəfdaşlığı inkişaf etdirmək, işçilərin asudə vaxtlarını səmərəli keçirməsinə yardımçı olmaq, onların sağlamlığını qorumaq və Azərbaycanda futzal idman növünü inkişaf etdirmək məqsədi ilə keçirilən və 28 May Respublika Gününə həsr olunan "BBVB kuboku - BAHAR 2014” futzal turniri sona çatıb.
Turnirin baş mükafatına Azərbaycan Həmkarlar İttifaqlarının komandası layiq görülüb. Bundan əvvəlki turnirin bürünc mükafatçısı olan AHİK komandası bu turnirə də iddialı başlayıb. 2-ci qrupda mübarizə aparan komanda 6 xalla növbəti mərhələyə vəsiqə qazanıb. Yarımfinal oyununda turnirin fovaritlərindən sayılan Əmrahbank kollektivini 5-3 hesabı ilə məğlub edərək adını birbaşa finala yazdırmağı bacarıb.
Final oyununda AHİK komandasının rəqibi əvvəllər bu turnirin qalibi olmuş BankStandart kollektivi olub. "ABU Arena”da baş tutan final qarşılaşmasında tamaşaçılar maraqlı oyuna şahidlik edib. Oyuna yaxşı başlayan AHİK komandası ilk yarıda 1:0 hesabı ilə önə keçib. Oyunun bitməsinə saniyələr qalmış BankStandart hesabı bərabərləşdirməyə nail olub. Əlavə vaxtda AHİK ard-arda 2 qol vuraraq oyunu 3:1 hesablı qələbə ilə başa vurub və turnirin fəxri mükafatına layiq görülüb.
Fanat.az