Ömrünün 28-ci ilində dünyasını dəyişən görkəmli Azərbaycan qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr edilən beynəlxalq turnir başa çatıb. Fanat.az xəbər verir ki, iyulun 24-də - Vüqar Həşimovun ad günündə start götürən turnirdə 12 yaşadək şahmatçılar mübarizə aparıb.
Tədbir iştirakçıları əvvəlcə ikinci Fəxri xiyabana gələrək Həşimovun xatirəsini ehtiramla yad edib. Turnirin bağlanış mərasimində çıxış edənlər yüksək səviyyədə keçirilən yarışın şahmatın təbliğində rolundan danışıb. Daha sonra şahmatçımız Vüqar Həşimovun karyerası zamanı qazandığı uğurlar barədə söhbət açılıb. Vətənini hədsiz dərəcədə çox sevən Vüqarın bütün qələbələrini Azərbaycana həsr etdiyi xüsusi vurğulanıb.
Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə fəxri kürsünün ən yüksək pilləsinə 9 oyundan 7,5 xal toplayan Bakı şahmatçısı Kənan Qarayev qalxıb. Vüqar Həşimov kuboku ilə təltif olunan Qarayev, eyni zamanda, Batumidə keçiriləcək 12 yaşadək şahmatçıların şəxsi Avropa çempionatında iştirak hüququ qazanıb.Gümüş medalın qalibi eyni xalı toplayan Rəvan Əliyev olub. O, “Baku Open - 2014” beynəlxalq turnirinə vəsiqə qazanıb. Bürünc mükafata layiq görülən Məhəmməd Muradlı isə “Naxçıvan Open - 2015” beynəlxalq şahmat festivalında iştirak hüququ əldə edib.Turnirdə, həmçinin müxtəlif nominasiyalar üzrə qaliblər təltif edilib. Hər yaş qrupunun qalibləri olan oğlanlar və qızlar qiymətli hədiyyələr, medallar və diplomlarla təltif olunub.
Doqquz turdan ibarət Vüqar Həşimov memorialında 94 yeniyetmə şahmatçı mübarizə aparıb.
Fanat.az