Subaşiç: "Bədənim mənə xəyanət edəndə..." - MÜSAHİBƏ

Subaşiç: "Bədənim mənə xəyanət edəndə..." - MÜSAHİBƏ

Türkiyənin "Manisaspor" klubuna keçən millimizin sabiq üzvü Branimir Subaşiç qardaş ölkə mətbuatına müsahibə verib. Müsahibəni təqdim edirik.

- "Manisaspor"a keçidin necə alındı? Niyə bu klubu seçdin?

- "Manisaspor"la bağlı Slavko Peroviç və Nikola Mikiçdən məlumat aldım. Təbii ki, "Orduspor"da çıxış edərkən Manisaya gəlib oyun keçirirdik. Bu səbəbdən də buradakı ab-havanı, insanları, klub qruluşunu çox bəyəndim. Mənə təklif gəldi və məlumatları dəyərləndirib, qərar verdim.

- Səni "Bucaspor" da istəyirdi. Hətta onlarla prinsipial anlaşma əldə etməyiniz barədə də xəbərlər yayıldı. Həmin vaxt nə baş verdi? "Manisaspor"dan əvvəl "Bucaspor" və başqa klubdan təklif almışdın?

- Sadacə "Bucaspor" deyildi. Bu transfer dövründə bir çox komandadan təklif almışdım. "Bucaspor" bunlardan biri idi. Transfer təkliflərini ölçüb-biçdim. Həm həyat tərzi, həm də maliyyə şərtləri təsirli oldu. Ailəmlə yaşaya biləcəyim şəhərə gəldiyimi düşünürəm.

- Manisaya uyğunlaşma dövrünü keçə bildin? Nə kimi hobbilərin var?

- Mən gənc oyunçu deyiləm. Təcrübəli olduğumdan uyğunlaşma çətin olmadı. Bu dönəmdə hobbilərimizlə məşğul olmağa o qədər də vaxtımız olmur. Daim məşqdə oluruq. 

- Psixoloji və fiziki cəhətdən çempionata hazırsan?

- Psixoloji olaraq hazıram. Fiziki cəhətdən isə daha yaxşısı ola bilər. Keçdiyimiz təlim-məşq toplanışlarının məqsədi də budu. Mövsümə fiziki cəhətdən daha yaxşı başlamağa çalışıram.

- Komandanın ən yaşlı oyunçususan. Çox gənc komandaya gəlmisən. Təcrübəli futbolçu olaraq komandaya böyük qardaşlıq edəcəksən. Bununla bağlı nə deyərdin?

- Futbolda zaman çox tez keçir. Bundan əvvəl getdiyim komandalarda gənc adlandırılırdım. İndi komandanın ən yaşlısı və ya böyük qardaşı deyil, həyatın nə qədər tez keçdiyini görürəm. Gənc futbolçularımız komandadakı böyüklərə çox hörmət edirlər. 

- Təcrübəli futbolçuların olması belə bir liqada çox önəmli amil deyilmi?

- Əlbətdə çox önəmlidi. Hansı tərəfdən baxırsızsa-baxın, təcrübə başqa şeydi. Pulla satın ala bilməzsiniz.

- Bu çətin marafonda sizləri nələr gözləyir? PTT 1-ci liqa çətin liqadı. Sən də hədəfləri olan kluba gəlmisən...

- Bundan əvvəl də hədəfləri olan klublarda oynamışam. Amma pley-off oynayacağıq və ya Super Liqaya çıxacağıq deyə bir qanun yoxdu. Bu suala şəxsi olaraq cavab verə bilmərəm. Buna komanda oynayacağı oyunla cavab verməlidi. Amma öz adıma deyə bilərəm ki, maksimum gücümü meydana qoyacam.

- Ötən mövsüm "Orduspor"da yaxşı oynadın. Amma hədəfə çata bilmədiniz. 34 matçda 9 qol vurmaq sənin üçün yetərli oldu?

- Bəxtim gətirmədi. Şansım olsaydı, bəlkədə daha çox qol vura bilərdim. Bu ölkəyə ötən il gəldim. Daha artığını edə bilərdim, amma olmadı. İnşallah bu il daha çox qol vuraram.

- "Manisaspor"un mövsümə hazır olduğunu deyə bilərsən?

- Yox, hələ hazır deyilik. 2-3 yeni oyunçu gözləyirik. Bəlkə də 4 olar, bilmirəm. Yeni oyunçular komandaya çox təsir edəcək. 

- Həmyerlin Slavko Peroviç 19 qol vurdu, azarkeşlərin sevimlisi oldu. Fanatların ürəyində hələ də o, var. Komandanın qol yükünü çiyinlərin üzərinə götürə və ya yeni Peroviç ola biləcəksən? Onu unutdura biləcəksən?

- Əslində mən Peroviçi azarkeşlərin ürəyindən çıxarmaq istəmərəm. Çox yaxşı futbolçudu. Amma mən də ən yaxşısını etməyə çalışacam. Yalnız özünü düşünən oyunçu deyiləm. Forvardam, təbii olaraq məndən qol gözləyirlər. Gözləntiləri doğrultmağa çalışacam.

- Hazırda Peroviçin "Manisaspor"a dönməsi gözlənilir. Onunla eyni komandada oynamaq istəyirsənmi? Ümumiyyətlə onunla danışırsız?

- Daha əvvəl onunla eyni komandada - "Srvena Zvezda"da oynamışıq. UEFA Kubokunun təsinifat mərhələsində çıxış etmişik. Əlbətdə Peroviçin gəlməsini istəyirəm. Gəlişi bizə çox xeyir verər. Onunla danışırıq. Bura gəlməyi çox istəyir. "Rad"la davam edən müqaviləsi var. Orda nələrin baş verdiyini bilmirəm. Amma Peroviç bura gəlməyi çox istəyir.

- Hava toplarında çox yaxşısan. Subaşiç qolçudu, komanda oyunçusu, yoxsa asissent? Özünü hansı tip forvard zesab edirsən?

- Komanda oyunçusuyam. Özümdən danışmağı sevmirəm. Komandada məni topla bəsləyəcək, ötürmələr verə biləcək oyunçular çox önəmlidi. Top gəlmədiyi zaman qol vurmaq imkanım yoxdu. Xüsusən orta sahə məni dəstəkləməlidi. Qol ötürməsi verməyi də çox sevirəm. Qol vurmaq isə dünyanın ən gözəl şeyidi. Bunu hər kəs bilir. İnşallah bu duyğunu azarkeşlərimizə yaşadacam. 

- "Manisaspor" camiəsi səndən çox şey gözləyir. Bombardir olmağı düşünürsən? Bu mövsüm bəlli bir qol hədəfin var?

- Bu bir az çətin sualdı. İnsanın hər işdə hədəfi olmalıdı. Amma futbol komanda oyunudu. Komanda halında hərəkət edərək şəxsi hədəflərə çata bilərik.

- Oğuzhan Palaz və Gökdəniz Varol üçün nə demək istəyirsən? Amma bütün gözlər sənin üzərindədi. Camiənin gözləntiləri sənin üzərində təzyiq yaratmır ki?

- Hər şeyi bərabər edəcəyik. Çox istəyirəm ki, top mənə gəlsin. İstədiyim toplar gəldikdən sonra qol da olar. Oğuzhan və Gökdənizə gəlincə, hər ikisi istedadlı futbolçulardı. Xüsusən də Oğuzhan... Gökdənizi də ondan ayırmıram. Öz üzərilərində yaxşı işləyərlərsə, böyük gələcəkləri olacaq. 

- İki illik müqaviləyə imza atdın. Müqavilən bitdikdən sonra 34 yaşında olacaqsan. Yəni karyeranı bitirmək yaşında. Karyeranı burda bitirmək fikrin var?

- Karyeram çox tez keçdi. Açığı bu məni qorxudur. Futbolu buraxmaq istəmirəm. Peşəkar olaraq bədənim məni daşıdığı və mənə xidmət etdiyi müddətdə oynamaq istəyirəm. Bədənimin mənə xəyanət etdiyini görəndə karyeramı bitirəcəm. 

- Bədənin sənə xəyanət etməsə və burda sevilən futbolçu olsan, müqavilənin müddətini artırarsan?

- Karyeramın sonuna qədər burda qalmaq istərəyəm. Nə zaman olur-olsun karyeramı burda bitirməyi arzulayıram.

- Manisalıların futbola baxışı fərqlidi. Həmişə yaxşı futbol və iddialı komanda görmək istəyirlər. Pis oyun görəndə növbəti həftə küsüb stadiona gəlmirlər. Onların fikrini dəyişmək üçün bir mesajın varmı?

- Sadəcə Manisada deyil, bu düşüncə hər yerdə var. Azarkeşlərə mesaj verməyimi istəyirsinizsə, təbii ki, uğur qazanmaq istəyirik. Uğura inandığımız üçün burdayıq. Azarkeş komandanın hər şeyidi. Biz də onları sevindirmək istəyirik. Prezidentimiz, İdarə Heyətimiz, məşqçilərimiz, komandamız yenidi. Bu səbəbdən yaxşı və pis gündə bizimlə bərabər olmalıdılar. İstəklərimiz gerçəkləşməyə bilər, amma biz bunun üçün mübarizə aparacağıq. Bəzən pis oyun sərgilənəndə mən də futbola nifrət edirəm. PTT 1-ci liqa nəticəyə önəm verilən çempionatdı. Təbbi ki, yaxşı oyunla xal qazanmaq pis deyil, amma çətindi. 

- "Manisaspor" azarkeşlərini həyacanlandıracaq, onları ümidləndirəcək nə sözün var?

- Onlara bu mesajı verə bilərəm: "Manisapor" üçün qollarımı vuracam. Matçlara gəlin, bizləri dəstəkləyin. Yaxşı və pis gündə yanımızda olun. Gəlin çətin gündə də, yaxşı gündə də bir yerdə olaq. Qollar da gələcək. Birlik və bərabərlik güc gətirir. Çünki həyat ancaq gözəl şeylər üzərində qurulmayıb. Futbolun da bir oyun olduğunu unutmayaq. Futbol həyatımızdakı ikinci önəmli şeydi. Futbol ailəmizdən sonra gəlməlidi".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər