Mircavadov: "Xırda follardan istifadə etmək lazımdı"

Mircavadov: "Xırda follardan istifadə etmək lazımdı"

"Qarabağ"ın sabiq baş məşqçisi Ağasəlim Mircavadovun Fanat.az-a müsahibə verib. Təcrübəli mütəxəssis "Qarabağ"ın "Zalsburq"la səfər matçı barədə danışıb.

- Hesab edirəm ki, "Qarabağ"ın ilk oyunda qalib gəlməsi üstünlükdü. Çünki rəqib bütün hallarda qol vurmaq üçün irəli atılmalıdı. İlk oyun göstərdi ki, "Zalsburq"la oynamaq olar. Azərbaycan çempionu öz oyununu oynamalıdı. Sonadək mübarizə aparmaq lazımdı.

- Reynaldonun yoxluğu komandamıza nə dərəcədə təsir edəcək?

- Reynaldo çox istedadlı futbolçudu. İlk növbədə onun işgüzarlığını qeyd etmək istəyirəm.O, meydanda mübarizə aparan futbolçulardandı. Hücum etmək bacarığı da ki, öz yerində. Məsullyəti üzərinə götürüb, oyunun taleyini həll etməyi bacarır. Əlbəttə, ağdamlılar bu itkini hiss edəcəklər.

- Vüqar Nadirov onu layiqincə əvəz etməyi bacaracaq?

- Vüqarın da özəl xüsusiyyətləri var. O, sürətlidi, uzaq məsafələrdən qüvvətli zərbələrə malikdi. Bu keyfiyyətlərindən yararlanmağa çalışmalıdı.

- Sizcə, daha çox dağıdıcı oynayan Namiq Yusifiov, yoxsa yaradıcı Qara Qarayev dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edəcək?

- Bu suala cavab vermək üçün komandanın içində olmalısan. Hesab edirəm ki, Qurban Qurbanov ən düzgün seçimi edəcək. Ancaq bir məqama toxunmaq istəyirəm. Nəinki "Qarabağ", ümumiyyətlə, Azərbaycan klublarının əksəriyyətində dayaq yarımmüdafiəçiləri bəstəboydular. Məsləhət görərdim ki, klublarımız bu amilə diqqət yetirsinlər. Çünki Avropada "2-ci mərtəbə"də oynmağa üxtünlük verirlər və belədə, bu ampluada çıxış edən futbolçularımızın işi çətinləşir.

- "Zalsburq"u nəyin hesabına keçmək olar?

- Onları topsuz qoymaq lazımdı. Belədə, istənilən komanda əsəbləşir. Top onlarda olanda da boş zona vermək olmaz. Xırda follar hesabına sürətli hücumlar qurmalarına mane olmaq lazımdı. Bu addımı istənilən Avropa klubu atır.

- Hər halda komandamızın müdafiədən oynayacağını proqnozlaşdırmaq olar...

- Müdafiəyə çəkilib oynasalar, bu, acı fəsad verə bilər. İlk oyunun son 30 dəqiqəsini "Qarabağ" 5 müdafiəçiylə oynadı. Ancaq yenə də qapısında qol gördü. Yox, futbolçular meydanın hər qarışı uğrunda mübarizə aparmalıdılar. Qapımıza sıxılsaq, çox çətin olacaq.

- Özünüz Azərbaycan çempionunun mərhələ adlayacağına inanırsınız?

- Əlbəttə! İnam yoxdusa, meydana çıxmağa dəyməz. Sadəcə, hər kəs bacardığından da artığını etməlidi.

Ceyhun Əliyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər