Böyüğa Hacıyev: "Şenol Günəş desə ki, al qisasımı, alacağam"

Böyüğa Hacıyev: "Şenol Günəş desə ki, al qisasımı, alacağam"
"Çixura"nın oyunlarına baxmışıq. Onlar "Koper"ə oxşardılar. Müdafiədən oynamağı xoşlayırlar. Biz bu komandanı keçəcək gücdəyik. Baxmayaraq ki, gürcülərin həmişə böyük futbolçuları olub". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
"Neftçi" sabah Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Çixura" klubunu qəbul edəcək. Böyükağa Hacıyev bu gün mətbuat konfransı keçirib. "Neftçi"nin baş məşqçisi komandasının Türkiyədəki yoxlama oyunlarında “Çixura”nı məğlub edə bilməməsinə də toxunub: “Yoldaşlıq görüşlərinin nəticəsini önəmli götürmək lazım deyil. “Çixura” ilə Türkiyədə oynadığımız oyunlarda bir sıra eksperimentlər elədik. Həmin oyunları unutmaq lazımdı”.
Mütəxəssis iddialı danışan “Çixura"nın müdafiəçisi Georgi Rexviaşvilinin cavabını da verib: “Rexviaşvili deyib ki, “Neftçi”ni 2:0 hesabı ilə məğlub edəcəyik. Bu onun fikridi. O çox şey deyə bilər. Oyun hər şeyi göstərəcək. Rexviaşvilinin çıxışı bizə motivasiya verəcək. O hələ bilmir ki, arının yuvasına çöp soxub. Rexviaşvili yaxşı futbolçudur. Onu şəxsən tanıyıram. “Koper”də yanıma gələn menecerlər onu Gürcüstan komandasına vermişdilər. Rexviaşvili yaxşı ki, bizi 5:0 udacaqlarını deməyib. Onlara sabah göstərəcəyik". 
Hacıyev həmişə iddialı açıqlamaları ilə diqqət çəkməsinə də şərh verib: “Mən heç zaman iddiasız çıxış etməmişəm. Heç vaxtda heç bir komandadan çəkinmirəm. Sabah görəcəksiniz ki, necə oynayacağıq. Mən əqidəmdən dönən deyiləm. Həmişə iddialı olmuşam. Bu gün yüz dənə Böyükağa Hacıyev, yüz dənə Ramos, yüz dənə Samir Məsimov olsa da, oyunun nəticəsini deyə bilmərik. Hər çey Allahın qismətidi. “Koper”lə oyunda gördünüz. Həmin oyunda futbolçularım tapşırıqlara əməl etmişdilər. Mən çalışacam ki elə taktika qurum ki, istədiyimizi qazanaq. Mən həmişə demişəm pis taktika yoxdu, pis icraçılar var. Bunun üzərində işləyəcəyik. “Çixura” yaxşı komandadı. Avropada oynayırsa, güclüdü". 
"Neftçi" - "Çixura" oyununu II təsnifat mərhələsində gürcülərə uduzan “Bursaspor”un baş məşqçisi Şenol Günəş də izləyəcək. Hacıyev türk klubunun qisasını almaqla bağlı sualı da cavablandırıb: “Şenol Günəş güclü məşqçidi. Onun kiminsə təsəllisinə ehtiyacı yoxdu. Bu futboldu. Lazım olsa, onun qisasını alacağam. Əgər Günəş desə ki, al qisasımı, alacağam. Süleyman Dəmirəl və Heydər Əliyev deyirdi ki, biz bir millət, iki dövlətik. Bunu nəzərə alıb daxilən onları məğlub etməyə çalışacağıq. Heç kim bilmir ki, sabah meydanda nələr olacaq”.
"Neftçi"nin baş məşqçisi "Qarabağ"a uğurlar arzulayıb: "Öncə "Qarabağ"ın oyununa baxacam, sonra "Çixura" ilə məşğul olacağıq. “Qarabağ”a uğurlar arzu edirəm. İnanıram ki, Qurban Qurbanov və komandası bizi sevindirəcək". 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər