11 oğul istərəm

11 oğul istərəm

Bu cür oyunlarda nəticə elə də önəm daşımır. Amma, nəticənin heç önəmi olmadığını da demək olmaz. Özbəklərlə yoldaşlıq matçının əhəmiyyətini Berti Foqts daha yaxşı bilər. Milliyə və konkret olaraq, dünənki oyuna azarkeş marağını isə yarı boş tribunalar əks etdirirdi. Niyə yarı dolu yox, məhz yarı boş deyə düşünənlərə cavab: pessimist yanaşmanın səbəbi futbolçularımızın göstərdiyi oyundur. Söhbət əsasən millinin heyətindəki yeni simalardan gedir. İlk oyunda potensialını tam ortaya qoymaq təbii ki, hər futbolçunun işi deyil. Amma milli komandaya dəvət şərəfinə layiq görülən oyunçu bu cür rəqiblə qarşılaşmada ən azından ümid işartılarını söndürməməli idi. Bu sözləri Emin Nuriyə də, növbəti dəfə sınaqdan keçirilən Toğrul Erata da, elə Dmitri Nazarova da aid eləmək olar. Sonuncuya daha böyük ümid bəsləyən Berti Foqts 90 dəqiqə şans verdiyi futbolçudan istədiyini çətin ki ala. Bir neçə epizodda təhlükə yaratmağı bacarsa da, "Karlsrue"nin yarımmüdafiəçisinin milli perspektivi elə də ümidverici deyil. Elə İsveç "Kalmar"ında forma geyinən Emin Nurinin də. Yoldaşlıq xarakterli olsa da, Rusiya ilə qarşıdakı daha prinsipial sayılan oyunda bu futbolçuları görməsəniz təəccüblənməyin. Moskvadakı oyunda "Qarabağ" və "Neftçi"nin futbolçuları da artıq Foqtsun ixtiyarında olacaq. Özbəklərlə qarşılaşmaya söz ardı kimi onu da demək olar ki, milli mövsümün ilk oyununda azarkeşlərin etimadını doğrultmadı. Xarakterinə görə nəticəni arxa plana atmaq peşəkarların planına daxil anlayışdır. Azarkeş isə, istənilən oyunda komandasından qələbə gözləyir. Üstəlik, rəqib Bakıya 2-ci heyətlə gələn Özbəkistan millisi ola... Amma, ruhdan düşməyə dəyməz. Tablodakı sıfırlar sadəcə sınaq xarakterli yoldaşlıq matçının nəticəsi idi. Güclü rəqiblərlə daha əzmkar oynayan komandamızın nəyə qadir olduğu Rusiya ilə qarşılaşmada özünü bir qədər də aydın göstərəcək. Avropa çempionatının ilk təsnifat matçınadək Berti Foqtsun optimal heyət formalaşdıracağına ümid bəsləyək. Bolqarlarla oyuna isə 18 gün qalır...Vaxtın tamamında himnimizi oxumağı bacaran 11 oğul istərəm. Əsgərin döyüş hazırlığı sıra düzülüşündən başlayır. Dünənki mənzərə heç ürəkaçan deyildi...

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər