Bu gün Azərbaycan mərhum şahmatçısı, qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu, Avropa çempionu Vüqar Həşimovun doğum günüdü. O, 1986-cı il, iyulun 24-də Bakı şəhərində anadan olmuşdu.
Vüqar FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında 11-ci yerdə qərarlaşmışdı. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanıb. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən “Recco-Emiliy”a şahmat turnirinin qalibi olub.
Həşimov 2014-cü il yanvarın 11-də uzun müddət beyin xərçəngindən müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib.
Dünyanın aparıcı şahmat mütəxəssisləri etiraf edirlər ki, ağır xəstəlik Vüqara mane olmasaydı, o, şahmat tacı uğurunda mübarizədə əsas namizəd olacaqdı.
Bu gün Vüqarın abidəsinin açılış mərasimi keçirilib. Fanat.az xəbər verir ki, tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov şahmatçının adının əbəbiləşdirilməsi haqda danışıb: "Vüqar adını Azərbaycan idman tarixinə yazıb. Çoxlu sayda turnirlərdə qələbə qazanıb. Hər zaman Vətənə medalla gəlib. Avropa çempionu olub. Sözsüz ki, dövlət onun adının əbədiləşdirilməsi istiqamətində addımlar atacaq. Gələcəkdə onun adının şahmat məktəblərdən birinə verilməsi ola bilər. Bu gün başlayan yeniyetmələr arasında turnir şahmatın inkişafına təkan olacaq. Uşaqlar gələcəkdə Vüqarın partiyaları üzərində öyrənəcəklər. Onlar çalışacaqlar ki. Vüqara oxşasınlar".
Daha sonra şahmatçının atası Qasım Həşimov çıxış edib: "İlk olaraq Vüqarın abidəsini hazırlayan Azad Əliyevə təşəkkür edirəm. Vüqar Azərbaycanı sevən, şahmatsız yaşaya bilməyən insan olub. Yadıma gəlmir ki, o hansısa yarışdan mükafatsız qayıtsın. Hər zaman qələbə uğrunda mübarizə aparıb. Bu gün də onun adı ürəklərdə yaşayır. Vüqarın arzusu Azərbaycan şahmatının qələbə qazanması olub. O, həmişə Vətənə medalla qayıtmasını arzulayıb. Onun bizimlə olmamasını qəbul etmək çətindir. Biz hər zaman onu xatırlayacayıq".
Fanat.az