"Səfərdə yaxşı oyun göstərdik və layiqli qələbə qazandıq. İlk dəfə ikinci təsnifat mərhələsini keçmək üçün yaxşı şanesımız var. Sabah səfərdə oynadığımız kimi oyun göstərsək, növbəti mərhələyə vəsiqə qazanacağımıza inanıram". Fanat.az xəbər verir ki, bu sözləri sabah "Elfsborq"la qarşılaşacaq "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze deyib.
"İnter" sabah Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində İsveç klubunu qəbul edəcək. Səfərdə 1:0 hesablı qələbə qazanan bank klubunun baş məşqçisi bu gün mətbuat konfransı keçirib: "Evdə oynayacağımızdan qələbə qazanmağa çalışacağıq. Aqressiv futbol göstərməliyik. Rəqib hücuma 6-7 futbolçu ilə keçir. Bu səbəbdən də bacardığımız qədər qapımızdan uzaqda oynamalıyıq, onlara hücum qurmağa imkan verməməliyik".
Tsxadadze heyətdə ciddi dəyişikliklərin olmayacağını bildirib: "Sabah heyətdə böyük dəyişikliklər olmayacaq. Amma indidən konkret cavab verməyə tərəddüd edirəm”.
Gürcü mütəxəssis yeni transferlərə ehtiyacının olduğunu bildirib: "Heyətdə futbolçu azdı, güclənməyə ehtiyacımız var. Güclənə bilməməyimizin səbəbini sizə izah etmək istəmirəm. Sabahkı oyun üçün məcburiyyətdən komandaya əvəzedici heyətdən 2 futbolçunu məşqlərimizə dəvət etmişik. Elvin Məmmədov yenə oynaya bilməyəcək".
Fanat.az