"Mən həmişə sakit danışıram. Bu dəfə isə ümumiyyətlə, səsim batıb. Heç vaxt mətbuat konfransında bu qədər jurnalist görməmişdim. Hər birinizin dəstəyini hiss etdim. Azarkeşlərə təşəkkürümü bildirirəm ki, oyundan sonra da meydanda qaldılar, bizi alqışladılar. Qələbə qazanmağı çox istəyirdik. Şadam ki, buna nail olduq". Fanat.az xəbər verir ki, bu sözləri "Zalsburq"la oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Qurbanov buraxdıqları qola görə təəssüflənib: "Zalsburq" çox güclü komandadı. Rəqib bunu ikinci hissədəki oyunu ilə isbatladı. İkinci hissənin başlanğıcı bizim üçün daha ağır alındı. Təəssüf ki, qol buraxdıq. Amma ən əsası qələbə qolunu vurmağımız idi. Belə komanda üzərində qələbə futbolçulara əlavə inam qazandırır. Cavab matçına gəlincə, çalışacağıq ki, oyuna düzgün yanaşaq və lazım olan nəticəni qazanaq".
"Qarabağ"ın çalışdırıcısı ilk qırmızı vərəqinin oyunu dəyişdiyini bildirib: "Avstriyalılar mən gördüyümdən də güclü futbol sərgilədilər. Admir Telinin qırmızı vərəqə alması bizim oyunumuzu dəyişməyimizlə nəticələndi. Belə erkən qırmızı vərəqəyə hazır deyildik. O, ikinci sarı vərəqəni almaqla səhvə yol verdi. Mən onun kapitanlıq sarğısını yerə atdığını görmədim. Məncə, o, bunu Qara Qarayevə verdi. Yəqin ki, Admir Telinin həmin vaxt keçirdiyi hissi nə mən, nə də siz başa düşə bilərsiz. Fikrimcə, o, özü də bu səhvinə görə özünü bağışlaya bilmir. Hələ onunla fərdi söhbətim olmayıb".
Qurbanov hakimlikdən də danışıb: "Mənə elə gəlir ki, hakim belə ajiotaja hazır deyildi. Bəzi səhvləri oldu ki, bu da ajiotajın çox olmasından irəli gəlirdi. Mən hakimin qərarlarına qarşı çıxmadım. Sadəcə, normal qaydada onunla bəzi məsələləri müzakirə etdik. Məncə, səhv heç nə etmədim".
Fanat.az