"Hamı bilir ki, mən açıq futbolu sevən məşqçiyəm. "Çixura" isə bu gün açıq futbol oynamaqdan qaçdı. Eybi yox. Yəqin ki, evdəki cavab matçında qol vurmaq üçün açıqlacaqlar. O zaman biz də öz oyunumuzu göstərəcəyik. Demirəm ki, “Çixura”nın daşını-daş üstə qoymayacağam. Sadəcə, qələbə üçün oynayacağıq. Gəlin, tələsməyək, avqustun 7-i gözləyək". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
Baş məşqçi "Çixura" ilə he-heçə (0:0) başa çatan oyunu dəyərləndirib: "Bertuççi hansı mövqedə oynayırdı? Bu gün üç müdafiəçi ilə oynadıq. Onun yaxşı sürəti, zərbələri var. Oyunun gedişi zamanı dəyişiklik etdik. Mən ondan daha dəqiq zərbələr gözlədiyim üçün əvəzləmədim. Əlbəttə, hesab bizi qane etmir. Tiflisdəki oyunda ilk qolu vuran qalib gələcək. Bu gün iki insaydla 3-6-1 sistemi ilə oynadıq. İnsaydlar hücuma fəal kömək etməliydilər. Vobay sürətli oynamaq lazım gələndə top saxlayırdı. Flavinyo geriyə çox gəlirdi. Yəqin ki, cavab oyununda fərqli oynamalıyıq".
Hacıyev Ernest Nfordan narazılıq edib: "Vobay Sloveniyadakı oyunda özünü yaxşı tərəfdən göstərmişdi. Nforun oyunundan isə narazıyam - bunu gizlətmirəm. Hücumçunun işi qol vurmaqdı. Əgər o, bunu bacarmırsa, deməli, nəsə qaydasında deyil. Ola bilər ki, biz yaxın günlərdə sizin də tanıdığınız məşhur bir futbolçu ilə müqavilə imzalayaq. Kaue universal futbolçudu, o da bu gün çox çalışdı".
Fanat.az