"Neftçi" Sloveniyadan alnıaçıq dönür. Böyükağa Hacıyevin drujinası azarkeşlərimizə paytaxtda yaşatdığı üzüntünü Koperdə unutdurmağı bacardı.
Ancaq nikbinliyə əsas vermədən. Əvvəla, "Neftçi"nin ehtiyat oyunçular skamyası olduqca kasaddı. Nfor zədələnsə və ya sarı vərəqə limitini aşsa, kim oynayacaq mərkəz hücumçu mövqeyində? Cavid İmamverdiyev, yoxsa Flavinyo?
İlk yarıda hesab 0:1 olarkən Julius Vobay təkbətəkdən yararlana bilmədi. Açıq demək lazımdı, Vobay Əmirliklərdə geriləyib. Qocalıb demək bir qədər tezdi, ancaq görünən budu ki, yarımmüdafiəçi az qala "Neftçi"ni Avroliqasız qoyacaqdı. Bu epizoda xüsusi diqqət yetirməyimizin əsas səbəbi budu ki, həmin şans ilk yarının sonlarında yaxalanmışdı. Yəni faktiki olaraq 2-ci qol vurulsaydı, "Koper" fasilədən sonra qəbirdə uzanan meyiti xatırladacaqdı. Ancaq Vobay nə həmin fürsətdən faydalandı, nə də digər epizodlarda lazım olanı etdi: gah iti bucaq altından ötürmə etmək əvəzinə zərbə vurdu, gah topu özündə çox saxladı və hücumun kəsəri itdi, gah da top itkiləri ilə yadda qaldı və rəqib komandamızı əks-hücumda yaxaladı.
Daha bir məqam qapı xətti ilə bağlıdı. Saşa Stamenkoviç son saniyələrdə əla qurtarışla yadda qaldı. Bəs ilk oyunda? Xatırlatmağa ehtiyac yoxdu. Elə təkrar görüşdə də topu əlindən buraxmaqla qeyri-sabit qolkiper olmasını sübuta yetirdi. Bəs Stamenkoviç zədələnsəydi onu kim əvəz edəcəkdi? Emil Balayev! Ritorik bir sual verək: Balayev Stamenkoviçi əvəzləməyə qadirdi?
Üzücü məqamlardan biri də "ağ-qaralar"ın hücum potensialı ilə bağlıdı. Azlıqda qalan "Koper" böyük qüvvəylə müdafiəyə oturduqdan sonra "Neftçi" faktiki olaraq rəqib qapısı qarşısında təhlükə yarada bilmədi. Vəziyyət o həddə çatdı ki, 35-38 metrlikdən qeyri-dəqiq zərbələr endirilməyə başladı. Bu da paytaxt təmsilçisinin çarəsizliyindən xəbər verirdi.
Son, ümumi nəticədə qələbə gətirən qolu da vuran müdafiəçi oldu. Əlbəttə, müdafiəçilərin qol vurmasını heç kim qadağan etməyib. Ancaq "ağ-qaralar" büdcənin kəskin şəkildə azaldılmasından doğan problemlərini həll edə bilməyiblər.
...Bəli, qaliblər mühakimə olunmur. Biz də qalibi mühakimə etmirik. Sadəcə, növbəti mərhələlərdə bu potensialla hansı nəticələrin gözlənildiyinə dair fikrimizi bölüşdük.
Fanat.az