"İnter"in baş məşqçisi Kaxaber Tsxadadze istefa verib. Fanat.az xəbər verir ki, gürcü mütəxəssis qərarını "Elfsborq"la oyundan sonra keçirilən mətbuat konfransında açıqlayıb.
Matçın hakimindən gileylənən Tsxadadze rəhbərliyə də mesaj göndərib: "Hakimin bura hansı məqsədlə gəldiyini anlamadım. Artıq yorulmuşam. Qoy ətrafımdakı insanlar da nəsə etməyə çalışsın. İstefa verirəm".
Tsxadadze çox məyus olduqlarını bildirib: "Oyunu 120 dəqiqə 10 nəfərlə keçirdik. Birinci və ikinci hissədə çox qol vəziyyəti yaratdıq. Matçın 2-ci dəqiqəsində hakimin qırmızı vərəqə verməsi bizi oyundan saldı. Çox məyus olduq. Hər iki oyunda xeyli qol vəziyyətləri yaratdıq. Lakin onlardan istifadə edə bilmədik. Bu bizi üzür. Bilmirəm nə baş verdi. 11 futbolçumun hamısı meydanda olsaydı, bəlkə də bu gün başqa nəticəyə şahidlik edəcəkdiniz. Belə alındı. Qarşıdakı oyunlara baxmaq lazımdı".
Gürcü mütəxəssis Asif Məmmədovu ikinci hissədə meydana buraxıb əlavə vaxtda əvəz etməsindən də danışıb: "Asifin əlinə imkanlar düşdü. Amma o bunlardan yararlana bilmədi. Düşünürəm ki, onu əvəz etməyim düzgün idi. Çünki psixoloji cəhətdən gərgin idi. Ona görə də əvəzlədim. Mirzağa oyuna yeni nəfəs gətirdi. Düzdü, o da qapıçı ilə təkbətək qalsa da, yararlana bilmədi. Bilirsiniz, bu məğlubiyyətin əsas səbəbkarı hakimdi. Onun idarəçiliyi bərbad idi".
Baş məşqçi penaltilər seriyası haqqında isə bunları söyləyib: "Oyundan öncə penaltiləri məşq etməmişdik. Çünki 90 dəqiqədə qalib gələcəyimizi düşünürdüm. 11 metrlik zərbələri vura bilmədiyinə görə uşaqları qınaya bilmərəm. Penalti lotereyadı. Burada da bəxtimiz gətirmədi".
Fanat.az