Rəqib meydanında “Elfsborq”a minimal hesabla qalib gələn “İnter”in tarixində ilk dəfə avrokuboklarda 2 mərhələ adlayacağına şübhə edən az idi. Bəli, Kaxaber Tsxadazenin taktika anlayışını yaxşı mənimsəmiş yetirmələri Borasdakı dueldə oyun planında skandinaviyalılardan üstün olduğunu isbatlamış, sadəcə, daha çox top vurmaq şansını boşa verərək Bakıya böyük ümidlə qayıtmışdı. “Şəfa”da yaşananlar isə KABUS adlandırılmalıdı.
Məntiqlə, Tsxadadze hər şeyi düzgün etmiş, sərəncamındakılardan ən optimal “11-lik” müəyyənləşdirmiş, yetirmələrinə necə oynamaq lazım olduğunu dönə-dönə tapşırmışdı. Əcnəbi mütəxəssisin qarşı tərəfin zəif və güclü cəhətlərini ilk görüşdən sonra özü üçün saf-çürük etdiyini, doğru qənaətə gəldiyini, futbolçularını məlumatlandırdığını hamı bilir. Fərqli düşünənlər isə Tsxadadzeni tanımır. 3-cü dəqiqədə Laşa Salukvadzeyə göstərilən “qırmızı” Georgi Nikolovun həmyerlisinin - bolqar Stanislav Todorovun qərəzə bənzəyən bağışlanılmaz xətası idi. Düşünmədən “nöqtə”ni göstərən referinin radikal addımı “İnter”i və çalışdırıcısını dilemma qarşısında qoydu.
Qalan vaxt ərzində “birinci skripka” rolunu “Elfsborq”a vermək və sürətli əks-həmlələrə bel bağlamaqdan başqa çıxış yolu qalmamışdı. Görüşü izləyənlər “nizənin sivri ucu”nda qərarlaşan Baçana Tsxadadzenin bu tərzdə mübarizə üslubunda kölgəyə çəkiləcəyini ilk 20 dəqiqədə anlamışdısa, ata Tsxadadze də oğlunun meydandan alınmalı olduğunun fərqində idi.
Referinin ilk yarıya artırdığı 1 dəqiqənin tamamında tərəfləri fasiləyə göndərməməsi özlüyündə mübahisə predmetidi. Küncdən havalandırılan “mərmi”ni başla tora qovuşduraraq bank təmsilçisinin mərhələ adlamaq şanslarını bir qədər də azaldan Sebastian Holmen hər qarşılaşmada təsadüf edilən mövqe səhvi üzündən minimum planı həyata keçirdi. O qol vurulmasaydı, ikinci yarıda meydan sahibləri bərabərliyi qorumaq fürsəti yaxalayacaqdı. Yəni Tsxadadze nəyi necə dəyişmək lazım olduğunu fasiləyədək götür-qoy etmişdi.
Baçananın oyundan alınıb İvan Benitesin müdafiəyə “qoyulması” top atəşindən bürcü uçmuş qalanın bərpasını xatırlatdı. Asif Məmmədovun yorğun Dieqo Madriqalın əvəzinə döyüşə atılması “yeni nəfəs” anlamına gəldisə, qol fürsətini dəyərləndirə bilməyən “11 nömrə”nin Mirzağa Hüseypurla dəyişdirilməsi qaçırdığı epizodun şokundan çıxmayan Məmmədovun ruhən “sönməsiylə” izah olunmalıdı.
Penaltilərlə 3:4 hesabıyla yenilən “ağ-göylər”in öz meydanında 3 imkanı havaya sovurmasının isə bir səbəbi var: “İnter”də fərdi usatlıq səviyyəsi yüksək olan adlar yoxdu. Komanda Tsxadadzenin futbol bilgisi hesabına daxili birincilikdə iddiasını qoruyur.
Matçın ardından düzənlənən mətbuat konfransında klubun arzuladığı şəraiti yaratmadığını gizlətməyən gürcü bəlli həqiqəti dilə gətirdi. Georgi Nikolovun tez-tez səsləndirdiyi “maliyyə fair-play”inin özünü doğrultmasının səbəbi Tsxadadze amili deyilmi? Hərçənd çalışdırıcının özününü də dediyi kimi, başqaları da inkişaf naminə nəsə etməlidi. Bir nəfərin istedadından sui-istifadə ciddi uğura yetməz.
Fanat.az