Dünən Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" Tofiq Bəhramov adına "Respublika" stadionuna gələn 30 min futbolsevəri qələbəylə sevindirməyi bacardı. Fanat.az xəbər verir ki, Azərbaycan çempionu Avstriyanın "Zalsburq" komandası üzərində 2:1 hesablı qələbə qazandı.
Görüşün baş hakimi ölkəmizə dost sayılan Ukraynadan olması barədə məlumat rəsmiləşdikdən sonra təcrübəli fanatlar bunun lehimizə olan amil kimi dəyərləndirirdilər. Nə qədər deyilsə də ki, hakim qərəzsiz olur, bu, gün kimi aydındır ki, "qara paltarlı adam" tərəflərdən birinə az da olsa simpatiya bəsləyir. Adətən bu, meydan sahiblərinin xeyrinə olur. Az əvvəl qeyd etdyimiz "ukraynalı" məsələsini xatırladıqda isə ümidlərimiz bir qədər də artırdı. Baş hakim Sergey Boyko Kristian Şvegleri 34-cü dəqiqədə meydandan kənarlaşdırdıqda mülahizələrimizdə yanılmadığımız təəssüratı yarandı. Ancaq tezliklə "Dədə Qorqud" filmindəki ifadəni xatırlamalı olduq: "Oğuz elinin qara günləri hələ qabaqdaymış". Türklər demiş Boykonun "düdüyü" elə hey "Qarabağ"ın əleyhinə çalınırdı. Nətəri "çala-çala" düşmüşdüsə ortalığa, birdə gördük heyətlər bərabərləşib. Ukraynalı "düdüyü"nü işə salaraq, 2 dəqiqə kəsiyində Admir Teliyə 2 dəfə rəsmi xəbərdarlıq edərək, meydandan qovdu. Oyunu 5-ci sektordan izləyənlər arasında yer almışdım və çılğın bir ağsaqqal azarkeş "düdük oğlu düdük", - ifadəsini işlətdi. Fasilədə ara nisbətən sakitləşmişdi və həmin fanatdan bu sözlərini kimə ünvanladığını soruşdum. Cavab gözlənilən oldu: "Hakim ukraynalıdı. Sarı vərəqəni verə də bilərdi, verməyə də. Belədə, bizə uyğun qərar verməli idi"...
İkinci hissə başladı və Boykonun "əzmkar düdüyü" yenə də "Qarabağ"ın qapısı istiqamətində səslənməyə davam edirdi. Demək olar bütün mübahisəli epizodlarda ulraynalı referi "düdüyü"nü gözümüzə soxurdu. Sanki demək istəyirdi ki, "Burada mənəm, Bağdadda kor xəlifə". Matçın 58-ci dəqiqəsində Reynaldonu sözün həqiqi mənasında "xışladılar". Bu epizodda hətta Boykonun "düdüyü" belə susa bilməzdi. Qoşa açıq ayaqla cərimə meydançasına sürətlə şığıyan futbolçuya qarşı qayda pozuntusuna görə referi qırmızı vərəqə göstərə bilər. Doğrudu, "sarı" da səhv sayılmır. Lakin Martin Hinteregger birbaşa meydandan qovulsaydı, referinin qiyməti aşağı salına bilməzdi. Gəl ki, o, yenə də avstriyalıyalılara qarşı loyal mövqe nümayiş etdirdi...
Nəhayət, qonaqlar Kristof Leytqeblə hesabı bərabərləşdirdilər. Və budur, Boykonu sanki dəyişirlər. Artıq o, cüzi də olsa, komandamıza simpatiya göstərməyə başladı. Bu, mübahisəli epizodların bəzilərində təmsilçimizin lehinə verilən qərarlarda öz əksini tapırdı. Ancaq ağdamlılara hakimin müvəqqəti olaraq qərəzdən əl çəkməsi də kifayət etdi ki, yenidən hesabda önə çıxsınlar. Həmin epizodu xatırlatmağa dəyər. İkinci hissədə oyuna daxil olan İlqar Qurbanov meydanın mərkəzində rəqibdən topu ustalıqla alır. Aha! Bax burada Boyko "düdüyü"nü işə salıb qayda pozuntusu qeydə ala bilərdi. Adını nə qoyacaqdı? Futbolda ad qoymaq problem deyil. Məsələn, rəqibini topdan təcrid etmə - el arasında "blokirovka" adlandırılan "maddə" ilə. Qərəz, ukraynalı İlqarın topa təmiz sahib olmasına reaksiya göstərmədi və Qurbanov sağ cinahda daha bir müdafiəçidən ildırım sürəti ilə sıyrılaraq, sürüşmə fəndi ilə topu Reynaldoya ötürdü. Braziliyalının qarşısında cəmi bir müdafiəçi vardı. Ancaq çempionumuzun qoleadoru üçün bu cür fürsətlərdən yararlanmaq adət halını alıb. Reynaldo Boyko və avstriyalıları pərişan etməyi bacardı!..
"O olmasın, bu olsun" filmində Rüstəm bəyin evindəki dava zamanı "məni?" ifadəsi yadınıza düşdü? Bax, Boyko da "məni?", - deyib, Reynaldonu meydandan qovdu. Təkrar oyun öncəsi "Qarabağ"ın iki aparıcı fiqurunu sıradan çıxarması ağsaqqal azarkeçin bir daha "düdük oğlu düdük" deməsini şərtləndirdi...
...Final fiti səsləndi. Fanat ordusu "Qarabağ", "Qarabağ" sədaları ilə tribunaları boşaltmağa başladı. Nədənsə yadıma rəhmətlik Yaşar Nuri düşdü. Uzaq 80-ci illərdə "Mozalan"da ünlü aktyor "Neftçi"nin baş məşqçisi rolunu ifa edir. Futbolçularını danlayan "məşqçi" yetirmələrindən birinə üzünü tutaraq "ayə, o nədi hakimə demisən? Düdük! Oyundan sonra ona bir saat başa salmağa çalışdım ki, düdük yox dütdək deyib - это что-то вроде флейты". Eh, Yaşar müəllim, Allah sənə rəhmət eləsin. Vallah, tribunada olsaydın, Boykoya ağsaqqal azarkeşin işlətdiyi "düdüy"ün birini də sən yapışdırardın...
Fanat.az