Bu gün 20.00-da “İnter” “Şəfa” stadionunda məşqə çıxıb. Fanat.az xəbər verir ki, “Bankirlər”in baş məşqçisi məşqin gedişində meydanın kənarına yaxınlaşaraq jurnalistlərin suallarını cavablandırıb:
“Avroliqada cütün taleyini iki matç həll edir. Səfərdən 3:2 hesablı qələbəylə qayıtmışıqsa, şikayətlənməyə dəyməz. Razı qalmadığım yeganə məqam 3 top fərqiylə irəlidə olduğumuz halda, 2 top buraxmağımızdı. Səhvlərimizi izlədik, təhlil etdik. Moldovadakı oyunda komandamızın nəyi düz etmədiyini müəyyənləşdirdik. Oyuna yaxşı hazırlaşmışıq. Orda buraxdığımız səhvləri cavab oyunundan əvvəl konkret demək istəmirəm. Biz öz səhvlrimizi bilirik və oyunçulara da harda səhvə yol verdiklərini demişik”.
Tsxadadze hələ “Elfsborq” haqda düşünmədiyini söyləyib və fikrini belə əsaslandırıb: “İkinci oyun da 90 dəqiqə davam edəcək. Bizə çox diqqətli olmaq, səhv buraxmamaq lazımdı. Üstəlik, ən yaxşı oyunçularımızdan biri olan Elvin Məmmədov zədə üzündən oyunda iştirak edə bilməyəcək. Mərhələni adlamamış “Elfsborq”la maraqlanmaq düzgün yanaşma olmaz”.
Gürcü mütəxəssis Elvinin yoxluğunu itki adlandırsa da, onu əvəzləyəcək oyunçuların olduğunu qabardıb və yetirmələrinin Bakıda aqressiv oynamalı olduqlarını deyib: “Onun yoxluğu neqativ məqamdı. Tiraspolda özünü yaxşı tərəfdən göstərmişdi. Heyətdə onu əvəz edəcək futbolçular var.İlk oyunda uşaqlarda məhz aqressiya çatmırdı. Öz meydanımızda müdafiədə etibarlı, ön xətdə aqressiv olmalıyıq”.
Fanat.az