Braziliyada keçirilən dünya çempionatı davam edir. Fanat.az xəbər verir ki, bu gecə yarımfinal mərhələsinə start verilib.
Mərhələnin ilk matçında Braziliya Almaniyanı sınağa çəkib. "Estadio Mineyro" stadionunda baş tutan oyun meydan sahibləri üçün rusvayçı hesabla başa çatıb. Belə ki, Almaniya Braziliyanı 7:1 hesabı ilə yenib. Toni Kroosla Andre Şkürrlenin dubl etdiyi matçda Tomas Müller, Miroslav Kloze və Sami Xedira hərəyə bir dəfə fərqlənib. Braziliyanın təsəlli qoluna isə Oskar imza atıb.
Qeyd edək ki, dünya çempionatının ən titullu komandası Braziliya indiyədək 11 dəfə yarımfinalda çıxış edib. 7 halda finala yüksələn "sambaçılar" 5 dəfə çempion olub. 4 dəfə yarımfinalda uduzan braziliyalılar 2 dəfə üçüncü yer uğrunda matçın qalibi olub. 24 ildi kuboka həsrət qalan Almaniya 13 dəfə yarımfinala vəsiqə qazanıb. 8-ci dəfə finala çıxan Berti Foqtsun həmyerliləri 3 dəfə qalib adını qazanıb. 5 dəfə yarımfinalda uduzan almanlar 4 halda üçüncü yeri tutub.
Onu da qeyd edək ki, yarımfinalın digər oyunu bu gecə Hollandiya və Argentina arasında keçiriləcək. Bu matçın qalibi finalda Almaniya, məğlubu isə 3-cü yer uğrunda oyunda Braziliya ilə qarşılaşacaq.
DÇ-2014
Yarımfinal
9 iyul
Braziliya - Almaniya 1:7
Qollar: Oskar, 90+1 - Tomas Müller, 11. Miroslav Kloze, 23. Toni Kroos, 25; 26. Sami Xedira, 29. Andre Şkürrle, 69; 79.
Braziliya: Julio Sezar, David Luiz, Dante, Marselo, Maykon, Fernandinyo (Paulinyo, 46), Oskar, Luis Qustavo, Halk (Ramires, 46), Fred (Villian, 90), Bernard Duarte.
Ehtiyat oyunçular: Cefferson, Viktor Baqi, Dani Alveş, Maksvell Andrade, Henrike, Hernanes, Jo.
Baş məşqçi: Luis Felipe Skolari.
Almaniya: Manuel Neuer, Mats Hummels (Per Mertesaker, 46), Benedikt Hovedes, Filip Lam, Jerome Boatenq, Sami Xedira (Julian Draksler, 76), Bastian Şvaynştayger, Məsut Özil, Tomas Müller, Toni Kroos, Miroslav Kloze (Andre Şkürrle, 58).
Ehtiyat oyunçular: Ron-Robert Zieler, Roman Veydenfeller, Kevin Qrosskreuts, Mattias Ginter, Erik Durm, Şkodran Mustafi, Lukas Podolski, Mario Götze, Kristof Kramer.
Baş məşqçi: Yoahim Löv.
Sarı vərəqə: Dante, 68.
Hakimlər: Marko Rodriges, Marvin Torrentera, Markos Quyntero (Meksika), Mark Qeyger (ABŞ).
Belo Horizonte. "Estadio Mineyro" stadionu.
Fanat.az