"Bəxt amilinin ortaya atılmasıyla razılaşmıram" -MÜSAHİBƏ

"Bəxt amilinin ortaya atılmasıyla razılaşmıram" -MÜSAHİBƏ

"İnter"in yarımmüdafiəçisi Elvin Məmmədovun Fanat.az-a müsahibəsi

- "Tiraspol"la səfər oyunu haqda nə deyə bilərsən?

- Oyuna qələbə üçün çıxmışdıq. Sərfəli nəticə yox, qələbə haqda düşünürdük. İlk 10 dəqiqədə iki qol vurmaqla matça yaxşı başladıq. Düzdü, hesabda 3:0 öndə olarkən 2 top buraxmağımız bir qədər üzücüdü. Amma əsas tapşırığın öhdəsindən gəldik.

- Moldova klubunun futbolçuları Bakıdakı oyunda 2 qol vurub qalib gələcəklərinə inanırlar...

-  Belə danışmaqlarını başa düşmək çətin deyil. Bu futboldu. Rəqib məğlubiyyətlə indidən barışsaydı, daha Bakıya nəyə gəlirdi ki? Reallıq budu ki, səfərdə qalib gəlmişik və üstünlük bizim tərəfimizdədi.

- “Şəfa”dakı oyunda məqsəd nə olacaq? Üstünlüyü qorumaq, yoxsa ikinci oyunda da qələbə qazanmaq?

- Oyun bitən kimi Bakıya qayıtmışıq. Bir gün istirahət edib məşqə başladıq. Cavab görüşünə yaxşı hazırlaşmışıq. Məşçilər korpusu ilk görüşü təhlil edib və bizi məlumatlandırıb. Verilən tapşırıqları yerinə yetirməyə çalışacağıq. Əlbəttə ki, öz meydanımızda qələbə qazanmaq istəyirik.

- “Tiraspol”lular birinci görüşdə qazandığınız qələbəni bəxt amili ilə bağlayır. Rəqib oyun planında çox təhlükəli idi?

- Zəif deyillər. Kollektiv oyuna üstünlük verən komandadı. Cinahlardan hücum qurmağa, ara-sıra müdafiənin arxasına uzun ötürmələr verməyə can atırdılar. Bəxt amilinin ortaya atılmasıyla razılaşmıram.

- Bəs moldovalıların heyətində fərdi ustalıq səviyyəsi ilə seçilən oyunçular varmı? Yəni “Şəfa”dakı oyunda “İnter”in müdafiəçiləri hansı oyunçuları gözdən qoymamalıdı?

-  Birinci oyunda 7 və 10 nömrəli futbolçular çox fəal idi (Yevgeni Zariçnyuk və Oleq Mollanı nəzərdə tutur - red.). Ancaq futbol kollektiv oyundu. Komanda şəklində yaxşı müdafiə olunmalı, inamlı hücumlar etməliyik.

- “Bakı”da keçirdiyin 2 mövsümdə iki mütəxəssisin rəhbərliyi altında oynamısan. Bojidar Bandoviç və Milinko Pantiç dönəmində arzulanan futbolu sərgiləyə bilmədin. Kaxaber Tsxadazenin komandasına gələndən sonra isə çıxdığın ilk rəsmi görüşdə qol vurdun.

- Tsxadadzeni “Bakı”dakı məşqçilərlə müqayisə etmək istəməzdim. Onu deyə bilərəm ki, indiki komandamın oyun üslubu ürəyimcədi. Hamı meydanda nə edəcəyini öncədən bilir. 7 il əvvəl də “İnter”də oynamışam. Bu gün komandada yeni baş məşqçi var. Tsxadazenin futbol fəlsəfəsinə yavaş-yavaş uyğunlaşıram. Bir şeyi anlamayanda yanına çağırır, səbrlə başa salır. Futbolçuya güvənmək, şans vermək lazımdı. “Bakı”da durum fərqli idi.

- Yəqin “İnter”də “Bakı”dakından az maaş alacaqsan...

- Elədi. Mən bura futbol oynamağa gəlmişəm. Çox böyük həvəslə məşq edirəm. Bilirəm ki, “Bakı”da olduğum müddətdə özümü göstərə bilməmişəm. İndi “İnter”in uğurları haqda düşünürəm. Klubumda sözümü desəm, yığmaya müntəzəm çağırılmağımla bağlı problem olmayacaq.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər