Hafiz Hacıyev: “Maması, xalası göyçəklər qabağa gedir, o biriləri isə ...”- Müsahibə

Hafiz Hacıyev: “Maması, xalası göyçəklər qabağa gedir, o biriləri isə ...”- Müsahibə

Braziliyada keçirilən dünya çempionatı peşəsindən aslı olmayaraq hər kəsi ağuşuna alıb. Siaysətçilər də fürsətdən istifadə edib siyasi açıqlamalar yox, futbolla bağlı proqnozlar verirlər. Müasir Müsavat partiyasının sədri Hafız Hacıyev də çılğın futbol azarkeşi kimi tanınır. Partiya sədri ilk yarımfinal qarşılaşmasından öncə müsahibə verib. Maraqlı olduğunu nəzərə alıb oxucularımıza təqdim edirik. Manitora yaxın əyləşin, danışır Hafiz Hacıyev...

- Hafiz müəllim, dünya çempionatı artıq yarımfinal mərhələsindədi. Sizcə bu mərhələdə şanslar necədi?

- Məni maraqlandıran Braziliya komandasıdı. Braziliya da yarımfinalda güclü komanda ilə oynayacaq (söhbət Braziliya - Almaniya oyunundan əvvəl olub - Fanat.az). Oyun gec başlasa da, baxacağıq. Düzü dünya çempionatında müsəlman ölkələrinin komandalarının daha çox olmasını istəyirəm.

- İran çıxış edirdi, amma qrupdan çıxa bilmədi.

- İranın dünya çempionatında çıxış etməsinin özü də müsəlman dövlətləri üçün müsbət hal idi. Onların heyətində  cənubi azərbaycanlılar da çoxdur.

- Amma onların heyətində  erməni futbolçu da var idi.

- Elə onları uduzduran da o erməni oldu da... Gərək iranlılar əvvəlcədən hamısını ölçüb-biçəydilər.  Axı o ermənilər həmişə arxadan zərbə vururlar.

- Hafiz müəllim, bəs sizi hansı komandaların oyunu qane etmədi?

- İspaniya, Portuqaliya, İtaliya... Azarkeşlər onlardan başqa oyun gözləyirdilər. Amma alınmadı. Bunlar da həm təəssüfləndirən, həm də təəccübləndirən məsələlərdi. Amma hələ ki, mənim azarkeşlik etdiyim komanda uğurlu çıxış edir.

- Kosta Rika kiçik dövlətdir. Bu komanda 1/4 finala qədər irəlilədi, çempionatı məğlub olmadan tərk etdi. Hollandiya onları yalnız penalti seriyasında mübarizədən uzaqlaşdıra bildi.

- Baxmışam o komandanın oyununa. Bilirsiz necədir? Elə komandalar var ki sürpriz edirlər.

- Bəlkə  Kosta Rikanın baş məşqçisini Berti Foqtsun yerinə gətirək?  Onda biz də dünya çempionatına gedə bilərik?

- Bizə kimi də gətirsələr xeyri yoxdu. Çünki  bizdə sifarişlə oynadılan futbolçular var ha, onların sayəsində mümkün deyil. “Filankəsin qızının oğlu oynasın, filan xanımın oğulu çıxsın meydana” bunlar olduqca mümkün deyil. Təəssüf ki, bu sifarişlər bizim idmanımıza da sirayət edib. Bu da çox üzücü durumdur. Bizdə yaxşı oyunçular var, onlarla səviyyəli komanda qurmaq olar. Nə etmək olar, onları oyuna buraxmırlar, maması, xalası göyçəklər irəli gedir, güclülər qalır arxada.Bu heyətlə nə isə qazanmağımız mümkün deyil. Özümüzü  yormayaq.  Azərbaycan futbolunu pis günə qoyublar. Dövlətin ayırdığı milyonlarla vəsaiti  göyə sovurublar.  Onun kökü başqa yerə gedib çıxır. Qalsın sonraya, bunu bu gün araşdırmayaq. Adam danışanda da, danışmayanda da ürəyi ağrıyır.

Publika.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər