"Sabah"ı tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə daşıyan baş məşqçi Valdas Dambrauskasın komandadan ayrılacağı gözlənilir. Avropa klublarının diqqət mərkəzinə düşən litvalı mütəxəssisin mümkün gedişinə qarşı paytaxt klubu artıq 3 namizədi nəzərdən keçirir.
Siyahının ilk pilləsində isə klubun yaxşı tanıdığı sima – Murad Musayev dayanır.

Rusiyalı mütəxəssisin Bakıya qayıtması heç də təsadüfi seçim olmazdı. Musayev 2021–2024-cü illərdə “Sabah”a rəhbərlik etdiyi müddətdə komandanı sonuncu pillədən çempionatın ikinciliyinə qədər yüksəltmiş, tarixinin ən böyük uğurlarından birinə imza atmışdı. Onun rəhbərliyi altında gümüş medallara sahib çıxan “Sabah” məhz həmin dövrdə iddialı komanda statusu qazanmağa başlamışdı.
Lakin “Sabah” rəhbərliyinin nəzərdən keçirdiyi yeganə variant Musayev deyil. Namizədlər sırasında Türkiyə futbolunun tanınmış siması Fatih Tekke və ukraynalı mütəxəssis İqor Kostyuk da yer alır.
Fatih Tekke – Türkiyə futbolundan yeni nəfəs

49 yaşlı mütəxəssis məşqçilik karyerasında “İstanbulspor” “Alanyaspor” və "Trabzonspor" kimi klublarda çalışıb. Hücumameyilli futbol fəlsəfəsi ilə seçilən Tekke komandaya fərqli oyun üslubu qazandıra biləcək namizədlərdən biridir. Onun mümkün təyinatı “Sabah” üçün yeni futbol modelinə keçid anlamına gələ bilər.
İqor Kostyuk – gənclərə güvənən seçim

51 yaşlı ukraynalı mütəxəssis uzun illər Kiyev “Dinamo”sunun U-19 komandasına rəhbərlik edib, daha sonra əsas komandada da çalışıb. Gənc futbolçuların yetişdirilməsi və perspektivli istedadların üzə çıxarılması ilə tanınan Kostyuk daha çox uzunmüddətli layihə üçün uyğun namizəd təsiri bağışlayır.
Bəs “Sabah” hansı yolu seçəcək?
Dambrauskasın gedişi reallaşarsa, “Sabah” rəhbərliyini asan seçim gözləmir. Çünki söhbət sadəcə yeni baş məşqçi təyin etməkdən deyil, klubun qazandığı uğurları qoruyacaq və növbəti hədəflərə daşıyacaq şəxsi müəyyənləşdirməkdən gedir.
Bir sözlə, "Sabah" ya sınanmış və etibarlı yolu seçərək köhnə tanışına güvənəcək, ya da cəsarətli addım ataraq yeni bir məşqçi məktəbinə qapı açacaq. Dambrauskasın qaldırdığı bu yüksək bayrağı yerə salmamaq isə yeni gələcək mütəxəssisin ən böyük imtahanı olacaq.
Kamil Xudiyev